Vaxt.Az

Yeni binaların yeni dərdi


 

Sakinlər aylıq ödənişləri edə bilmədiyindən hündürmərtəbəli binalarda yaşamaq istəmirlər

Yeni binaların yeni dərdi Hündürmərtəbəli binalarda ev alanların bir hissəsi sona kimi burda yaşamaq istəmirlər. Çünki bəziləri aylıq ödənişləri edə bilmədiyindən, mənzillərini sataraq başqa variantlar üzərində düşünürlər.


ANS TV-nin məlumatına görə, son 6 ildə Bakda 700-dən artıq hündür mərtəbəli bina tikilərək sakinlərin istifadəsinə verilib. Buna baxmayaraq bu binaların əksəriyyətində xidmət haqları qanunvericiliyə uyğun şəkildə aparılmır. Paytaxtın müxtəlif yerlərində göstərilən xidmət eyni dərəcədə olsa da ödənişlər 20-320 manat arasında dəyişir. Binaların hərəsində 80-100 mənzil yerləşdiyi nəzərə alınarsa, bu 100 mindən çox ailənin problemi olmaqla yanaşı, həm də dövlət büdcəsindən milyonlarla vəsaitin yayınmasıdır.

Bina sakini Firəngiz Ziyadovanın sözlərinə görə, bir otaqlı 54 kvadrat 15 AZN, 61 kvadratdan 16 AZN, 3 otaqlılardan 28 manat 50 qəpik, 4 otaqlılardan isə 35 AZN alırlar.

Bu rəqəm hələ ən kiçik olanıdır. Ortalama rəqəm isə hər kvadratmetrə görə 50 qəpikdir. Üstəlik, sakinlər aylıq ödənişlərin aidiyyatı üzrə istifadə edilmədiyindən gileylidirlər. Xidmətə daxil olan mənzil və liftlərin istismar xərci, işıqlanma, mühafizə və təmizlik işlərinə verilən pullar havaya sovrulur. Paytaxtın bəzi göydələnlərində həqiqətən də liftin işləmədiyi, mühafizə üçün ayrılan köşkün 9 ildir ki, təmirdə olması və antisanitar vəziyyətin hökm sürdüyünü gördük.

Hündürmərtəbəli binalarda yaradılmış komendant sistemi isə sakinlərin aylıq ödənişlərinin vaxtında verilməməsindən şikayətlənir. Komendant deyir ki, sakinlərdən yığılan pulların vergisi çıxdıqdan sonra fonda yığılır və binanın təmirində, eləcə də texniki personalın əmək haqlarının verilməsində istifadə olunur. Ödənişlərin rəsmi qeydiyyatına gəldikdə isə komendantlar bu prosedurun effektiv olmayacağı qənaətindədir.

Binanın komendantı Savalan Vəliyev dedi ki, 5-10 nəfər pul verir: «Qalanları isə heç vermir. İşıq pulu gəlib çıxıb 3900 AZN-ə. Ödəmirlər, ona görə lift işləmir».

Əmlak bazarı ilə məşğul olan ekspertlərin fikrincə, mənzil sahiblərinin müştərək cəmiyyəti yaradılmalı və bütün xidmət növlərini öz üzərinə götürməlidir. Bina sakinləri müxtəlif qurumlarla müqavilə bağlayıb onların xidmətindən yararlanmalıdır.

Ekspert Nüsrət İbrahimov qeyd edir ki, ümumi smeta tutulmalıdır, il ərzində nə qədər xərc tələb olunur: «Adambaşına və ya mənzilbaşına nə qədər düşür. Ümumi yığıncaqda razılığa gəlinməlidir. Təəssüf ki, bu iş indi qanunauyğun aparılmır».

Bu, sahədə boşluğun olması isə vətəndaşın ödədiyi xidmət haqqının hansısa, naməlum mənbəyə getməsinə şərait yaradır. Halbuki, dövlətin rəsmiləşdirdiyi hesaba köçürülərsə bundan, həm dövlət yararlanar, həm də vətəndaş.

 





17.06.2014    çap et  çap et