Vaxt.Az

Fransa səhiyyəsində geniş hazırlıq


 

Paris 2026-cı ilin martında müharibə planlaşdırır?

Fransa səhiyyəsində geniş hazırlıq Fransa Səhiyyə Nazirliyi regional səhiyyə agentliklərinə göndərdiyi yazıda mümkün bir Avropa müharibəsinə qarşı xəstəxanaların 2026-cı ilin martına qədər on minlərlə yaralı hərbçini qəbul edə biləcək şəkildə hazırlıq görməsini tələb edib.

18 iyul 2025-ci il tarixli sənəddə Fransanın arxa baza funksiyası görə biləcəyi və fransız və ya xarici on minlərlə yaralı hərbçini qəbul etməyə hazır olması lazım olduğu vurğulanıb. Səhiyyə Nazirliyi xüsusilə liman və hava limanlarına yaxın bölgələrdə yeni səhiyyə mərkəzləri yaratmağı planlaşdırır. Beləliklə, yaralı hərbçilərin öz ölkələrinə daşınması asanlaşdırılacaq.

 

10-50 min arası yaralı hərbçi üçün plan

 

Nazirliyin proqnozuna görə, Fransadakı xəstəxanalar 10 mindən 50 minə qədər yaralı hərbçini, 10 ilə 180 gün arasında dəyişən müddətlərdə qəbul edə bilər. Bu səbəbdən, dövlət və özəl sektordakı bütün səhiyyə işçilərinin Ordu Səhiyyə Xidmətinə (Service de santé des Armées) inteqrasiya olunması planlaşdırılır.

Sənədlərdə həmçinin səhiyyə işçilərinin “resursların məhdudlaşması, ehtiyacların artması və mümkün daxili təhlükəsizlik nəticələri” kimi müharibə şərtlərinə hazır olmaları lazım olduğu qeyd olunur. Bundan əlavə, travma sonrası stress pozuntusu ilə məşğul olacaq psixoloji dəstək bölmələrinin və reabilitasiya sahələrinin gücləndirilməsi zəruri hesab edilib.

 

Nazir Votrin: “Hazırlıq normaldır”

 

Səhiyyə Naziri Katerin Votrin (Catherine Vautrin) sənədlərin mövcudluğunu inkar etməyib: “Xəstəxanalar hər zaman epidemiyalara və kütləvi fövqəladə hallara hazırdır. Ölkənin mümkün böhranlara qarşı tədbir görməsi tamamilə normaldır. Bu, dövlətin məsuliyyətidir”.

Nazirlik hazırlıqların səbəbi olaraq Avropadakı mövcud geosiyasi riskləri göstərir.

 





29.08.2025    çap et  çap et