Vaxt.Az

Bu çimərliyə getməyin!


 

Şıx çimərliyində sellofan, plastik su qabları, hətta lazımsız geyimlərədək hər şeyi görmək olar

Bu çimərliyə getməyin! Bu gün bəzi sahibkarlar natəmiz çimərlikləri bizə rəva bilir. Belə bir deyim var, həmişə təmizlikdə... Elə görünür, bəzi adamlar da bu deyimə sadiq qalıb yay gələn kimi üz tuturlar çimərliklərə. Təmiz suda çimdiklərini zənn edib, bu azmış kimi müxtəlif xəstəliklərin də daşıyıcısına çevrilirlər.


ANS TV-nin məlumatına görə, elə sahilboyu antisanitar vəziyyətin hökm sürdüyü Şıx çimərliyindəki mənzərə də bunu deməyə əsas verir. Çimərliyin sahilində sellofan, plastik su qabları, hətta lazımsız geyimlərədək hər şeyi görmək olar. Nəzərə alsaq ki, bu tullantıların hər biri külək və dalğaların təsiri ilə dəniz suyuna gedib çıxır, o zaman sağlamlığımızın da ciddi təhlükə altında olduğunun fərqinə varmaq çətin deyil. Bir sözlə, öz əlimizlə özümüzə xəstəlik qazandırırıq. Bu mənzərədən ürəyi açılanlar da var, bulananlar da...

İranlı turist Hüseyn İraninin sözlərinə görə, dəniz suyunda natəmizliyi hiss eləməyib: «Demək olar ki, mən hər il bura gəlirəm, suda natəmizliyi hiss etməmişəm. Yaxşıdır. Mənə görə pis deyil».

İranlı qonaqdan fərqli olaraq paytaxt sakinləri üçünsə, bu cür antisanitar vəziyyət dözülməzdir. Tullantıların hara və necə gəldi atılması bir kənara, üstəlik üfunət iyi də onları təmiz havadan məhrum edib. Digər çimərlik sahələri özəlləşdirildiyi üçün məcbur olub bu şəraitdə istirahət edirlər.

Antisanitar vəziyyət paytaxtdakı digər çimərliklərdə də müşahidə olunurdu.

Çimərliyin sahilindəki zibil topaları monitorinqlərin nəticəsini bir daha sübuta yetirirdi. Bəlkə də elə bu səbəbdən idi ki, bəzi paytaxt sakinləri bura sadəcə dənizə tamaşa etməyə gəlmişdi, daha natəmiz suda çimməyə yox.

Sahil çimərliyində çimən tək insanlar deyildi, həm də sahilboyu uşaqları gəzdirmək üçün nəzərdə tutulan at idi. Heç şübhəsiz bu cür mal-qaranın, atın və digər canlıların təmiz su hövzəsində çimməsi yolverilməzdir. Elə buna görə də Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dənizdə çimərək istirahət edən şəxsləri diqqətli olmağa çağırır.

Hər halda məsləhətli don gen olar deyiblər. Odur ki, deyilənlərə əməl edin ki, bu istirahət sizin sağlamlığınız bahasına başa gəlməsin.

 





17.06.2014    çap et  çap et