Vaxt.Az

Ukrayna Rusiyada neftayırma zavodunu vurdu


 

Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib

Ukrayna Rusiyada neftayırma zavodunu vurdu Ukrayna, Rusiyanın neftayırma zavodlarını pilotsuz uçuş aparatları (PUA) ilə vurub. Ukrayna Baş Qərargahı açıqlamasında, Rusiyanın Krasnodar və Sızrandakı obyektlərin hədəfə alındığını təsdiqləyib.

Qurumun “Telegram” hesabında yayılan açıqlamada Rusiyanın mühüm obyektlərinə zərbə endirildiyi vurğulanıb.

Bildirilib ki, Rusiyanın hücum potensialını zəiflətmək və hərbi birləşmələrin yanacaq təchizatını çətinləşdirmək məqsədilə gecə saatlarında Rusiya zavodları hədəf alınıb: “Ukrayna ordusunun Pilotsuz Uçuş Aparatları Qüvvələri ilə Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri, digər hərbi hissələrlə əməkdaşlıq edərək Krasnodar neftayırma zavoduna zərbə endirdi”.

Açıqlamada qeyd olunub ki, həmin zavod ildə 3 milyon ton neft məhsulu istehsal edir və bu yanacaq Rusiyanın Silahlı Qüvvələrinin təchizatında istifadə olunur.

Məlumata görə, zavod ərazisində çoxsaylı partlayışlar və yanğın baş verib.

Ukrayna Pilotsuz Uçuş Aparatları Qüvvələrinin bölmələri Rusiyanın Samara vilayətində yerləşən Sızran neftayırma zavodunu da dəfələrlə vurub. Zavodun illik 8,5 milyon ton emal gücünə malik olduğu bildirilib.

Qeyd olunub ki, müəssisənin yerləşdiyi ərazidə yanğın qeydə alınıb.

 

Rus ordusundan Ukraynaya kütləvi hava hücumu

 

Digər tərəfdən, Ukrayna Baş Qərargahının başqa açıqlamasında Rusiyanın gecə boyu Ukraynaya PUA-lar, həmçinin hava, quru və dənizdən atılan raketlərlə hücum etdiyi bildirilib.

Məlumatda Rusiyanın hücumlarda 537 “Şahed” tipli və digər növdən olan PUA-lardan istifadə etdiyi qeyd olunub. Bundan əlavə, Rusiya ordusunun 8 “İskəndər-M” ballistik raketi və 37 qanadlı raket buraxdığı açıqlanıb.

Baş Qərargah bildirib ki, hava hücumlarının qarşısı Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb: “İlkin məlumatlara görə, müdafiə sistemləri 548 hava vasitəsini məhv edib”.

 





01.09.2025    çap et  çap et