Vaxt.Az

Gümüş 14 ilin zirvəsində


 

Qızıl da 1 faiz bahalaşdı

Gümüş 14 ilin zirvəsində FED-dən faiz endirimi gözləntiləri və ABŞ dollarındakı zəiflik bu səhər qiymətli metalların qiymətlərini yüksəldib. Gümüş sentyabr 2011-dən bəri ən yüksək səviyyələrə qalxıb, qızıl isə təxminən 1% artıb.

San-Fransisko FED rəhbəri Meri Dali (Mary Daly) avqustun 29-da sosial şəbəkədə paylaşım edərək əmək bazarındakı riskləri əsas gətirib faiz endiriminə dəstəyini bir daha ifadə edib ki, bu da qiymətli metalların qiymətlərini dəstəkləyib.

“City Index”in baş analitiki Mett Simpson (Matt Simpson): “FED rəhbəri Dalinin yumşaq şərhləri investorların yüksək əsas PCE (Personal Consumption Expenditures – Şəxsi İstehlak Xərcləri) göstəricisini görməməsinə yardım etdi və bu ay üçün 25 baza bəndlik endirim ehtimalını açıq saxladı”.

Qızılın unsiyası 3486,13 dolları gördükdən sonra avqustun son iş günündə 0,82% artaraq 3475,74 dollarda qərarlaşdı.

Gümüşün qiyməti isə 40,54 dollarla sentyabr 2011-dən bəri ən yüksək səviyyəyə qalxdıqdan sonra 1,9% artımla 40,47 dollardan ticarət olunur.

Analitiklər qızıl üçün müqavimət səviyyəsini 3498 dollar, ilk dəstəyi isə 3450 dollar olaraq göstərirlər.

 





01.09.2025    çap et  çap et