Vaxt.Az

Fransada yeni Eyfel qülləsi


 

Orijinalından 10 dəfə balaca olan abidə satışa çıxarıla bilər

Fransada yeni Eyfel qülləsi Fransanın Alsace departamentində yaşayan təqaüddə olan iş adamı səkkiz il davam edən dəqiq işdən sonra yeni Eyfel qülləsinin oxşarını inşa edib. 30 metr hündürlüyündəki bu nəhəng qurğu həm ailə bağlarını gücləndirib, həm də bölgə sakinlərinin böyük marağını çəkib.

Alsace bölgəsində yaşayan Jan-Klod Fasler (Jean-Claude Fassler) xəyallarındakı layihəni nəhayət həyata keçirib. Parisin simvolunun müəllifi Qustave Eyfelə olan heyranlığını əsərə çevirən iş adamı, orijinal planlardan istifadə edərək Eyfel qülləsinin 10 dəfə kiçik versiyasını tikib.

Təxminən 30 metr hündürlüyə çatmış qurğu üçün minlərlə ton metal parça lazer kəsmə üsulu ilə hazırlanıb və montaj edilib. Layihə, Faslerin təqaüd illərində üzərində çalışdığı ən böyük iş olub.

Tikintinin ilk mərhələlərindən etibarən nəvəsi Killian montaj işlərində iştirak edib, Jan-Klod isə layihələrin dizayn və təsdiq prosesi ilə məşğul olub. İkinci nəvəsi Matteo isə layihəni tanıtmaq və kommunikasiya işlərini üzərinə götürüb.

Qurğu Eyfelin 1889-cu ildəki orijinal planındakı bir çox detalları əks etdirir – birinci mərtəbədəki keçidlər, qüllənin üzərində işlənmiş 72 alim adı və Qustave Eyffelin üçüncü mərtəbədə istifadə etdiyi xüsusi mənzil də unudulmayıb.

Oxşarı Eyfelin inşasında istifadə olunan ilk rəng olan “Venise qırmızısı” ilə boyanıb. Vosges bölgəsindəki 1.700 sakinli kiçik bir şəhərciyə gələn ziyarətçilər, ortaya çıxan əsəri heyranlıqla izləyir.

Jan-Klod Fasler, layihəyə böyük maliyyə vəsaiti ayırdığı üçün kiçik Eyfeli satmağı düşündüyünü açıqlayıb. Xəyalları isə bir gün bu əsərin Parisdə, “Champs-de-Mars”da orijinal qüllənin kölgəsində sərgilənməsidir.

Hazırda qüllə şəhərcikdə sərgilənməyə davam edir. Fasler isə həyatının ən böyük arzusunu reallaşdırdığı bu qurğunun birinci mərtəbəsində bir gecə keçirərək zəhmətinin nəticəsini yaşamağı planlaşdırır.

 





01.09.2025    çap et  çap et