Vaxt.Az

Almaniyada yeni müzakirə


 

“Himn və bayraq dəyişdirilsin”

Almaniyada yeni müzakirə Almaniyada himn və dövlət bayrağının dəyişdirilməsi mövzusu gündəmə gəlib. Müzakirələri başladan şəxs Federal Məclis Prezidentinin müavini Bodo Ramelov olub. Ramelov Almaniyanın yeni himnə ehtiyacı olduğunu irəli sürərək, Alman bayrağının rənglərinin də referendum vasitəsilə dəyişdirilməsini təklif edib.

Sol Partiyadan olan siyasətçi bu fikrini Almaniyada bir çox insanın milli simvollardan narazı qalması iddiasına əsaslandırıb. Ramelov deyib ki, Almaniyanın şərqində “müxtəlif səbəblərdən” himni ifa etməyən çox insan tanıyır və qara, qırmızı və qızılı rənglərdən ibarət Alman bayrağına qarşı da müəyyən “yadlaşma” mövcuddur.

“Rheinische Post” qəzetinə açıqlama verən Ramelov hazırda istifadə olunan “Birlik, Ədalət və Azadlıq” himninin yerinə Bertolt Brextin “Uşaq himni” şeirinin qəbul edilməsini təklif edib: “Uşaq himni möhtəşəm sözlərə malikdir. Almaniyada yaşayan hər kəs üçün universal, birlikdə sevinclə ifa edilə biləcək yeni marş yaratmaq mümkündür”.

Turingen (Thüringen) əyalətinin sabiq baş naziri Ramelov Alman bayrağı ilə bağlı, “Qara, qırmızı və qızılı rənglərin totalitar qurumlara qarşı duruşu simvolizə etdiyini bilirəm. Amma bir çox insan milli bayrağa qarşı da yadlıq hissi yaşayır”, – deyib.

Ramelov 2019-cu ildə Turingen Baş naziri olarkən eyni qəzetə verdiyi müsahibədə də oxşar arqumentlərlə yeni milli marş çağırışı etmişdi.

Ramelovun milli marş və bayraqla bağlı təkliflərinə digər partiyalardan da reaksiyalar gəlib.

Yozef Haydn tərəfindən bəstələnmiş “Birlik, Ədalət və Azadlıq” marşının sözləri 1841-ci ildə Avqust Henrix Hofman fon Falersleben tərəfindən yazılıb. Marş ilk dəfə Veymar Respublikası dövründə milli marş qəbul edilib. Nasist dövrünü xatırladan bəzi hissələr çıxarıldığından, 1952-ci ildən bəri yalnız üçüncü bənd Federal Almaniya Respublikasının milli marşı kimi istifadə olunur.

Alman bayrağındakı qara, qırmızı və qızılı rənglər isə XIX əsrdən bəri azadlıqçı Almaniyanı simvollaşdırır. 1848-ci il inqilabı zamanı Frankfurt parlamentinin bu rəngləri Alman Konfederasiyasının bayrağı kimi qəbul edib. Bu rənglər, imperiya və Nasist Almaniyası tərəfindən istifadə olunan qara, ağ və qırmızı rənglərə siyasi etirazı ifadə edir.

 





01.09.2025    çap et  çap et