Metafora dilin həyası, abırıdır. Bu dillə tanrı öz abırını gözləyir. Şairin abırı da şerin dilindədir.
Abırlı, həyalı olan bir şey hamı üçün ola bilməz. O yalnız ona dost olanlar, məhrəm olanlar üçündür. Tövratı, İncili, Quranı hamının kitabına çevirmək, yaxud bu kitabların hamı üçün göndərildiyini düşünmək, simvolik dillə desək, böyük günahdır.
Bu kitabların metaforik dilinə xəyanətdir!
Müqəddəs mətnlər özünü tanrıya dost, məhrəm, hətta sufilər kimi sevgili zənn edənlərin oxuması üçündür.
Hədə-qorxuyla, şirniklədirməklə fizika, kimya, həndəsə kitabını oxutdurmaq olar. Tanrının simvolik dil vasitəsilə öz həyasını gözlədiyi kitabını balta kimi insanlara silkələmək dindən bixəbər olmaqdır, dinsizlikdir.
Dinə abır, həya anlayışı müqəddəs mətnlərin dilindən gəlir. Çadra qadını yox, mənanı örtmək üçündür. Məna çılpaqdırsa, qadını örtməyin bir mənası qalmayacaq.
Ayənin mənasını anlamaq üçün ərəb dilini yox, metaforik dili bilmək lazımdır.
Mənanın nə üçün örtüyə ehtiyacı olduğunu anlamaq lazımdır.
Özünü tanrıya dost, məhrəm bilməyən, buna ehtiyacı olmayan adamları qorxudub müqəddəs mətnləri oxutdurmaq onları zorla tanrının məhrəminə soxmaqdır.
Guya, tanrı bilmir ki, dünyada nə qədər insan özünə dindar deyənlərin qorxusundan yalandan dinə “sığınıb?”