Respublika Klinik Xəstəxanasında ölüm hadisəsi baş verib. Axar.az xəbər verir ki, Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının həkim pediatrı Ceyhun Bədəlov öz həmkarlarının terrorunun qurbanı olub. Bakıda təkmilləşdirmə kurslarında olan həkim Ceyhun Bədəlovun qəflətən mədə-bağırsağında problem yaranıb və o, Respublika Klinik Xəstəxanasına müraciət edib. Adı çəkilən xəstəxananın həkimləri Ceyhun Bədəlovun mədəsini yumaq istəyiblər. Lakin C.Bədəlov özü də həkim olduğundan, belə halda mədənin yuyulmağının düzgün olmadığını bildirib.
İradlarına baxmayaraq, Respublika Klinik Xəstəxananın həkimləri yanlış prosesə davam ediblər və nəticədə Ceyhun Bədəlov dünyasını dəyişib.
Respublika Klinik Xəstəxananın həkimlərinin səs yazıları, öz həmkarları olan xəstə ilə kobudluqları və pul müzakirələrinə aid səs yazıları var və yaxın günlərdə oxuculara təqdim ediləcək.
Qeyd edək ki, Ceyhun Bədəlov filoloq-alim, köşə yazarı Təhminə Bədəlovanın həyat yoldaşıdır.
Həmkarımıza dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Xatırladaq ki, bu gün Azərbaycanda Səhiyyə İşçiləri Günüdür.