Vaxt.Az

2 min nəfər itki var


 

Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayı açıqlandı

2 min nəfər itki var Ukraynaya qarşı Rusiya tərəfində döyüşən ən azı 2 min Şimali Koreya əsgərinin öldüyü açıqlanıb.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti aprel ayında bu rəqəmin ən azı 600 olduğunu bildirmişdi. Lakin millət vəkili Li Sonq-kveun kəşfiyyat xidməti ilə görüşdən sonra jurnalistlərə açıqlamasında hazırkı sayın 2 minə yaxın olduğunu deyib.

Cənubi Koreya və Qərb kəşfiyyat qurumları ötən il Şimali Koreyanın Rusiyaya 10 mindən çox əsgər göndərdiyini bildirmişdi. Bundan əlavə, Pxenyan Rusiya ordusuna artilleriya mərmiləri, raketlər və uzaqmənzilli yaylım atəşi sistemləri də verib.

Millət vəkili Li qeyd edib ki, Şimali Koreya Rusiyaya əlavə olaraq 6 min əsgər və hərbi mühəndis yerləşdirməyi planlaşdırır, onlardan min nəfəri artıq ölkəyə çatıb.

Bu ilin əvvəlində Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın Kursk vilayətinə tikinti işçiləri və mina təmizləyənlər göndərdiyini açıqlamışdı.

Şimali Koreya ilk dəfə aprel ayında Rusiyaya hərbi birlik göndərdiyini və əsgərlərinin həlak olduğunu təsdiqləmişdi. Şimali Koreya lideri Kim Çen In ötən həftə döyüşdə ölən əsgərlərin ailələri ilə görüşərək onlara dəstək nümayiş etdirib.

Rusiya və Şimali Koreya ötən il qarşılıqlı müdafiə öhdəlikləri nəzərdə tutan hərbi saziş imzalamışdı. Müqaviləyə görə, iki ölkə kənardan gələn hücumlara qarşı bir-birini müdafiə edəcək.

Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralın 22-də başlayan müharibə isə şiddətli döyüşlərlə davam edir. ABŞ-ın rəhbərlik etdiyi sülh danışıqlarından hələlik nəticə əldə olunmayıb.

 





02.09.2025    çap et  çap et