Məlumata görə, uzunluğu 38 metr olan “2025 QD8” bu gün Yer kürəsinə 218 min kilometr məsafədən keçəcək. Bu, Yer ilə Ay arasındakı məsafənin yarısından bir qədər çoxdur.
Saatda 45 min kilometrdən artıq sürətlə hərəkət edən asteroid, ölçüsünə görə “şəhər qatilinə” bərabər potensiala malikdir. “London King’s College” universitetindən astrofizik Şyam Balaci bildirib: “Qlobal dağıntıya səbəb olmasa da, əhali sıx olan əraziyə düşəcəyi halda ciddi nəticələr doğura bilər.”
Xatırladaq ki, 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhəri üzərində partlayan 18 metrlik meteorit Xirosimaya atılan atom bombasından 30 dəfə güclü zərbə dalğası yaratmış, 1500 nəfər yaralanmış, minlərlə evə ziyan dəymişdi. Alimlər “2025 QD8”in ondan daha dağıdıcı ölçüdə olduğunu bildirirlər.
NASA və Avropa Kosmik Agentliyi (ESA) isə asteroidin Yerə toqquşma ehtimalının mövcud olmadığını açıqlayıb. Astronomların sözlərinə görə, planet müdafiəsi teleskopları sayəsində asteroidlərin trayektoriyası dəqiq hesablanır. Məhz bu səbəbdən “2025 QD8” nə Yer, nə də Ay üçün təhlükə yaradır.