«Zolaqlılar» sabiq dayaq müdafiəçisi Aleksandr Tomaş Tomovskiyə olan borcunu ödəmədiyi üçün ali futbol qurumu tərəfindən sanksiyalara məruz qala bilərlər. Bu barədə FİFA İntizam Komitəsi yeni qərarlar qəbul edib.
2008/2009-cu illərdə «Bakı»da oynamış bolqarıstanlı legioner komandadan qalmaqallı şəkildə ayrılmışdı. Paytaxt klubu Tomovski ilə müqaviləni birtərəfli şəkildə pozduğu üçün futbolçunun meneceri FİFA-ya şikayət etmişdi. O, bakılıların müştərisinə 78 min dollar ödəməli olduğunu bildirmişdi.
İşə baxan FİFA İntizam Komitəsi Tomovskinin lehinə qərar çıxarmışdı. Ali futbol qurumu 2013-cü il iyunun 28-də çıxardığı qərarla «Bakı»ya bu məbləği ödəmək üçün 2014-cü ilin aprel ayının 22-dək vaxt versə də, klub buna əməl etmədiyi üçün yeni qərarlar qəbul olunub.
Artıq paytaxt klubuna ilk sanksiya da tətbiq olunub. Belə ki, FİFA-nın 2013-cü il 28 iyun tarixində verdiyi qərarın icrasını gecikdirildiyi üçün «Bakı» 7500 İsveçrə frankı ziyana düşüb. Amma Tomovskiyə olan borcunu ödəmək üçün kluba daha 1 ay vaxt verilib. Əgər paytaxt klubu iyulun 16-dək həmin borcu ödəməsə, hesabından 6 xal silinəcək.
FİFA İntizam Komitəsinin «Bakı» haqqında çıxardığı qərar bunlardır:
1. »Bakı» Futbol Klubu FİFA tərəfindən 28 iyun 2013-cü il tarixli qərar ilə günahkar sayılır. Ona görə ki, bu klub sabiq futbolçusu Aleksandr Tomaş Tomovski ilə müqaviləsini birtərəfli şəkildə pozub və ona verməli olduğu təzminatı ödəməyib. Azərbaycan klubu FİFA İntizam Komitəsinin 64-cü maddəsi ilə mühakimə olunur.
2. «Bakı» Futbol Klubu FİFA tərəfindən haqqında çıxarılan ilk qərara əməl etmədiyinə görə, 7500 İsveçrə frankı cərimə olunur. Ödənişlər FİFA-nın bank hesablarına yalnız İsveçrə frankı ilə ödənməlidir.
3. Əgər «Bakı» klubu Aleksandr Tomovskiyə və FİFA-ya olan borcunu 30 gün ərzində ödəməsə, o zaman ölkədaxili çempionatdakı xallarından 6 xal silinəcək. Əgər kreditor Aleksandr Tomovski FİFA İntizam Komitəsinə pullarını aldığına dair sənəd göndərməsə, o zaman kluba qarşı daha ciddi sanksiyalara tətbiq olunmağa başlayacaq.
3. Xallar silindikdən sonra «Bakı»ya deyilən məbləği ödəmək üçün müəyyən vaxt veriləcək. Həmin müddətdə də klub Aleksandr Tomovskiyə olan borcunu ödəməsə, aşağı liqaya göndəriləcək. FİFA İntizam Komitəsinin çıxardığı qərarları Azərbaycan Futbol Federasiyası (AFFA) yerinə yetirməlidir. AFFA «Bakı»ya qarşı FİFA-nın çıxardığı bütün qərarlara əməl olunmasına nəzarət etməlidir. Əks təqdirdə, AFFA özü də FİFA tərəfindən sanksiyalara məruz qalacaq.