Qızıl və gümüş son üç ildə iki dəfədən çox bahalaşıb. Geosiyasi risklər, iqtisadi qeyri-müəyyənliklər və qlobal ticarətdəki problemlər “təhlükəsiz liman”a tələbi artırıb. ABŞ Prezidenti Donald Trampın bu il FED-ə yönəlik artan tənqidləri isə mərkəzi bankın müstəqilliyinə dair narahatlıqları gücləndirib. Tramp qısa müddət ərzində FED-də “əksəriyyəti ələ keçirəcəyini” və faizləri endirəcəyini demişdi.
Buna baxmayaraq, Trampın FED İdarə Heyətinə namizəd göstərdiyi Stefan Miran (Stephen Miran) cümə axşamı Senatda keçirilən təsdiqetmə iclasında mərkəzi bankın ən mühüm vəzifəsinin “böhranların və hiperinflyasiyanın qarşısını almaq” olduğunu vurğulayıb. Miran eyni zamanda Ağ Evdəki vəzifəsini davam etdirəcəyini qəbul etsə də, FED-in müstəqilliyinə sadiqliyini bir daha bəyan edib.