Vaxt.Az

Qida qiymətlərində tarazlıq dinamikası


 

Qlobal bazarlarda taxıl, süd ucuzlaşıb, ət, şəkər bitki yağları bahalaşıb

Qida qiymətlərində tarazlıq dinamikası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations – FAO) Qida Qiymətləri İndeksi avqust ayında aylıq müqayisədə mində 7 artaraq, illik müqayisədə isə 6,9% yüksəlib və mülayim dinamikanı qoruyub.

FAO-nun məlumatına görə, taxıl və süd məhsulları qiymət indekslərindəki azalma, ət, şəkər və bitki yağları indekslərindəki artımlarla tarazlanıb.

Taxıl: FAO Taxıl Qiymətləri İndeksi avqustda aylıq 0,8% artım, illik isə 4,1% azalma göstərib. Dünya buğda qiymətləri, qlobal təklifin bol olması və xüsusilə Asiya və Şimali Afrikadakı böyük idxalçıların zəif tələbi səbəbindən aylıq enib. Avropa Birliyi və Rusiya Federasiyasındakı yüksək məhsuldarlıq qiymətlər üzərində əlavə təzyiq yaradıb. Əksinə, dünya qarğıdalı qiymətləri Avropa Birliyində isti hava dalğalarının məhsuldarlığa təsirinə dair narahatlıqlar və ABŞ-da yemlik istifadə ilə bioetanol istehsalına artan tələbat səbəbilə ardıcıl üçüncü ay yüksəlib. Dünya arpa qiymətləri artarkən, sorqo ucuzlaşıb. FAO Ümumi Düyü Qiymətləri İndeksi isə ixracatçılar arasındakı sərt rəqabət fonunda İndica düyüsünün qiymət enişi ilə 2% azalıb.

Bitki yağları: FAO Bitki Yağları Qiymətləri İndeksi avqustda aylıq 1,4% artaraq, iyul 2022-dən bəri ən yüksək səviyyəyə çatıb. İllik artım 24,2% olub. Bu artım əsasən palma, günəbaxan və kolza yağlarının bahalaşması ilə bağlıdır, soya yağı qiymətlərindəki kiçik ucuzlaşma isə təsiri kompensasiya edə bilməyib. Xüsusilə, beynəlxalq palma yağı qiymətləri güclü qlobal idxal tələbi və İndoneziyanın 2026-cı ildə bioyanacaq qarışdırma tələblərini artırmaq niyyəti ilə ardıcıl üçüncü ay yüksəlib. Günəbaxan və kolza yağlarının qiyməti də Karadeniz və Avropada təklifin azalması ilə artıb. Əksinə, dünya soya yağı qiymətləri 2025/26 mövsümündə bol soya istehsalı proqnozları ilə ucuzlaşıb.

Ət: FAO Ət Qiymətləri İndeksi avqustda aylıq 0,6%, illik isə 4,9% artaraq tarixi maksimuma çatıb. Artım, sabit donuz əti qiymətləri və ucuzlaşan toyuq ətini kölgədə qoyan mal və qoyun əti qiymətlərinin davamlı bahalaşmasından qaynaqlanıb. Mal əti qiymətləri ABŞ-dan güclü idxal tələbi və Çinin alışları ilə rekord səviyyəyə yüksəlib. Qoyun əti qiymətləri də Okeaniyada məhdud ixrac təklifi səbəbilə ardıcıl beş ay artıb. Dünya donuz əti qiymətləri sabit qalsa da, Braziliyadan bol ixrac təklifi toyuq əti qiymətlərini ucuzlaşdırıb.

Süd məhsulları: FAO Süd Məhsulları Qiymətləri İndeksi avqustda aylıq 1,3% azalaraq, illik müqayisədə 16,2% artıb. Aylıq azalma kərə yağı, pendir və tam yağlı süd tozu qiymətlərindəki enişdən qaynaqlanıb. Kərə yağı 2,5%, pendir 1,8%, tam yağlı süd tozu isə 0,3% ucuzlaşıb. Əvəzində yağsız süd tozu qiymətləri 1,8% artıb.

Şəkər: FAO Şəkər Qiymətləri İndeksi avqustda aylıq 0,2% artsa da, illik 9% ucuzlaşıb. Artım Braziliyanın cənubundakı zəif məhsuldarlıq və şəkər çıxarışının aşağı səviyyəsi ilə bağlı narahatlıqlardan qaynaqlanıb. Çin başda olmaqla qlobal idxal tələbində artım da qiymətlərə yuxarı yönlü təzyiq göstərib. Lakin Hindistan və Tailandda əlverişli hava şəraiti səbəbilə məhsul bolluğu gözləntiləri qiymət artışını məhdudlaşdırıb.

 





06.09.2025    çap et  çap et