ABŞ mətbuatı Donald Trampın Müdafiə Nazirliyinin (Pentagon) adını dəyişdirmə qərarının hökumət üçün yüksək xərclərə səbəb ola biləcəyini qeyd edib. “Politico” saytının xəbərində, bir çox ABŞ rəsmisinin Trampın dünən sözügedən ad dəyişikliyini nəzərdə tutan fərmanı imzalamasına əsəbi və təəccüblü reaksiya verdiyi bildirilib.
Adı açıqlanmayan sabiq ABŞ müdafiə rəsmisi, “Bu dəyişiklik tamamilə ABŞ daxili siyasətindəki izləyicilər üçün edildi, Çin və Rusiyaya qarşı hesablamalarda heç bir təsiri olmayacaq. Daha da pisi, düşmənlərimiz tərəfindən ABŞ-ı müharibəni körükləyən, beynəlxalq sülhə və stabilliyə təhdid olaraq təsvir etmək üçün istifadə edilə bilər”, – deyib.
Trampın ABŞ Konqresinə təqdim etdiyi qərara əsasən, ABŞ-dakı 50 ştat və 40 ölkədəki ABŞ Müdafiə Nazirliyinə bağlı 700 mindən çox müəssisədə nazirliyin möhürlərinin dəyişdirilməsi lazım olacaq. ABŞ ordusunun 6 qüvvə qrupu və onlarca müxtəlif agentlik üçün istifadə olunan loqolu kağızlardan, yeməkxanalardakı salfetlərə, Konqres təsdiqlənmiş rəsmilərin tikməli pencəklərindən Pentaqonun rəsmi suvenir mağazasındakı kiçik əşyalara qədər bir çox sahədə dəyişikliklər ediləcək.
ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi üçün Donald Trampın imzaladığı fərmanın ABŞ Konqresinin təsdiqini alması və Konqres tərəfindən qanun çıxarılması lazım olduğu bilinir. Ancaq Tramp administrasiyasının Konqresin təsdiqini almaq məcburiyyətində qalmamaq üçün müxtəlif yollar axtardığı düşünülür.
Donald Trampın dünən fərmanı imzalamasından sonra Ağ Evin sosial media hesabından paylaşım edilib. Paylaşımda ABŞ Müdafiə Naziri Pit Heqsetin (Pete Hegseth) ofisinin qapısındakı ad lövhəsinin fərmanda göstərildiyi kimi “ABŞ müharibə naziri Pit Heqset” olaraq dəyişdirildiyi göstərilmişdi.