ABŞ-dən gələn məşğulluq məlumatları, Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi dövrünü sürətləndirəcəyi gözləntilərini gücləndirərək bazarlara təsir göstərdi.
Ölkədə JOLTS açıq iş yerlərinin sayı iyulda 7 milyon 181 minə düşərək 2024-cü ilin sentyabrından bəri ən aşağı səviyyəni gördü. Özəl sektor məşğulluğu isə avqustda cəmi 54 min nəfərlik artımla gözləntilərin altında qaldı.
Eyni dövrdə işsizlik müavinəti müraciətləri 237 minə yüksəldi. Kənd təsərrüfatı sektorundan kənar məşğulluq avqustda 22 min nəfərlik artımla proqnozların altında qalarkən, işsizlik səviyyəsi 4,3%-ə çataraq 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəriciyə yüksəldi.
Açıqlanan rəqəmlər əmək bazarında soyuma siqnalı olaraq qiymətləndirildi. Bununla da FED-in sentyabr iclasında 25 baza bəndlik faiz endiriminə gedəcəyi, hətta 50 baza bəndlik endirim ehtimalının da bazarlarda qiymətləndiyi bildirilir. Pul bazarlarında il sonuna qədər ümumilikdə 75 baza bəndlik azalma gözlənilir.
Analitiklər hesab edirlər ki, açıqlanan rəqəmlər FED-ə dair faiz endirimi gözləntilərini artırsa da, artan resessiya qorxusu sənaye və enerji məhsullarını təzyiq altında saxlayır, qiymətli metallara isə dəstək olur.
Qiymətli metallar
Məşğulluq bazarında soyuma siqnalları ilə artan faiz endirimi gözləntiləri və resessiya narahatlıqlarının gücləndirdiyi təhlükəsiz liman tələbi, keçən həftə paladium istisna olmaqla qiymətli metalları dəstəklədi.
Kənd təsərrüfatından kənar məşğulluq məlumatlarının ardından qızılın unsiya qiyməti rekord qıraraq 3 min 600 dolları test etdi, həftəni isə 3 min 586,7 dollardan başa vurdu. Beləliklə, qızıl 19 may həftəsindən bəri ən güclü həftəlik artımı göstərdi.
Qızıl son üç həftədir ardıcıl olaraq yüksəlir. 2024-cü ildə 27,2% dəyər qazandıqdan sonra bu il indiyədək artım 36,7%-ə çatıb. Yüksəlişə dollar indeksinin zəif hərəkəti, mərkəzi bankların alışları, faiz endirimləri, eləcə də geosiyasi və siyasi qeyri-müəyyənliklər səbəb olub.
Gümüş də qızıla paralel üç həftədir yüksəlməkdə davam edir, lakin 2011-ci ildəki 49,8 dollarlıq tarixi zirvənin altında qalır. Analitiklər qeyd edirlər ki, platina, paladium və gümüş sənayedə istifadə olunduğu halda, qızıl daha çox təhlükəsiz liman xüsusiyyəti ilə önə çıxır və sənaye tələbi olmadan da sabit tələb görür.
Keçən həftə unsiya qiymətləri üzrə qızılda 4%, gümüşdə 3,2%, platində 0,6% artım müşahidə olundu, paladium isə 0,2% ucuzlaşdı.
Baza metallar
Baza metallar ABŞ məşğulluq göstəricilərinin istehsalda yavaşlama risklərini gücləndirməsi ilə, sink istisna olmaqla, mənfi hərəkət etdi. Investorların diqqəti Çinin ixrac göstəricilərinə və ABŞ-da açıqlanacaq İstehsalçı Qiymətləri İndeksinə (ÜFE) yönəldi.
ABŞ-ın gömrük tariflərinə dair addımları da qiymətləri təsir altında saxladı. Çin iyul ayında təmizlənmiş mis idxalını son bir ilin ən aşağı səviyyəsinə endirdi. Analitiklər bu azalmanı ABŞ-ın tarif təhdidi ilə mis tədarüklərinin istiqamətinin dəyişməsi ilə izah edirlər.
Nəticədə həftəlik qiymətlər birjada belə dəyişdi: nikel 0,8%, mis 1%, qurğuşun 0,6%, alüminium 0,5% ucuzlaşdı, sink isə 0,7% bahalaşdı.
Enerji
“Brent” markalı neft zəif ABŞ məşğulluq göstəricilərinin qlobal enerji tələbinə dair narahatlıqları artırması, ABŞ-da gözlənilməz ehtiyat artımı və OPEC+ ölkələrinin hasilatı yüksəltmə gözləntiləri ilə 3% ucuzlaşdı.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bildirdi ki, ölkədə ticarət neft ehtiyatları keçən həftə 2,4 milyon barel artaraq 420,7 milyon barelə yüksəlib. Bazarda isə təxminlər əksinə, 2 milyon barel azalma idi. Strateji ehtiyatlar isə 500 min barel artaraq 404,7 milyon barelə çatıb. Benzin ehtiyatları isə 3,8 milyon barel azalaraq 218,5 milyon barelə düşüb.
OPEC+ ölkələrinin sentyabr toplantısında oktyabr üçün hasilat artırma qərarı verəcəyi gözləntiləri də qiymətləri təzyiq altında saxladı.
Digər tərəfdən, Rusiya-Ukrayna münaqişəsində diplomatik həll axtarışları, ABŞ Prezidenti Donald Trampın açıqlamaları ilə gündəmdə oldu. Tramp Moskva və Kiyev arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcəyini vurğuladı.
Təbii qaz bazarında isə Rusiya və Çin enerji əməkdaşlığını genişləndirdi. “Qazprom” yeni qaz kəməri tikintisi və mövcud “Sibirin Gücü” xəttinin gücləndirilməsi barədə Çinlə razılaşdı. ABŞ Enerji naziri Kris Rayt isə Rusiyanın Çin bazarına qaz satışının ABŞ LNG ixracatçılarını mənfi təsirləməyəcəyini bildirdi.
Nəticədə “Brent” 3% ucuzlaşdı, Nyu-York birjasında təbii qazın qiyməti isə 3,5% artdı.
Kənd təsərrüfatı məhsulları
Kənd təsərrüfatı məhsulları isə ötən həftə tələbin azalmasına işarə edən göstəricilər və əlverişli hava şəraiti ilə artan təklif gözləntiləri fonunda ucuzlaşdı.
ABŞ-da əlverişli hava şəraiti istehsalı dəstəklədi, Ukrayna və Rusiyadan qaynaqlanan məhdudiyyətlər isə bazarlarda dalğalanmaya səbəb oldu.
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünya taxıl ehtiyatlarının rekord səviyyəyə çatacağını açıqladı.
Çikaqo birjasında həftəlik qiymətlər belə dəyişdi: soya 2,6%, düyü 2,3%, buğda 2,9%, qarğıdalı 2,1% ucuzlaşdı.
“Intercontinental Exchange” birjasında isə qiymətlər qəhvədə 3,4%, pambıqda 0,7%, şəkərdə 4,8% azaldı. Kakaonun ton qiyməti də 3,2% gerilədi.