Vaxt.Az

Metal qiymətlərində qarışıqlıq


 

Londonda bahalaşan mis qiymətləri Şanxayda ucuzlaşdı

Metal qiymətlərində qarışıqlıq Londonda mis qiymətləri, ABŞ-dən açıqlanan zəif məşğulluq göstəricilərinin monetar yumşalma ehtimallarını artırmasının ardından Federal Ehtiyat Sisteminə (FED) dair faiz endirimi gözləntiləri ilə bazar ertəsi artım göstərdi.

“London Metal Birjası”nda (LME) üç aylıq misin qiyməti 0,1% bahalaşaraq metrik ton üçün 9 min 907,5 dollara yüksəldi. Çində isə “Şanxay Fyuçers Birjası”nda (SHFE) mis 0,25% ucuzlaşaraq ton üçün 79 min 740 yuana gerilədi. Analitiklər bu vəziyyəti, Çində zəif tələbin artımları məhdudlaşdırması ilə izah edirlər. Avqust ayında ölkənin mis idxalı əvvəlki aya nisbətən 11,5% azalaraq 425 min ton olub, bu isə yüksək qiymətlərin daxili tələbatda geriləməni əks etdirdiyini göstərir.

Yaponiyanın “JX Advanced Metals” şirkəti qiymətləri dəstəkləmək məqsədilə mart ayına qədər mis istehsalını azaltmağı və əridilmə gücünü aşağı salmağı planlaşdırır. Digər tərəfdən, LME-də mis ehtiyatları 157 min 950 ton səviyyəsində sabit qalsa da, iyun ayının sonundan bəri 74% artım qeydə alınıb. ABŞ-da işsizliyin 4,3%-ə yüksələrək son 4 ilin ən yüksək səviyyəsinə çatmasının ardından Fed-in bu ay faiz endirimlərinə başlaması gözlənilir. Dollar isə həftəsonu kəskin ucuzlaşmadan sonra sabitləşib.

 

Digər metallar

 

Metal bazarının digər seqmentlərində də LME-də əksər baza metallarında mülayim artımlar müşahidə olunub. Alüminium 0,19% bahalaşaraq ton üçün 2 min 605,5 dollara, nikel 0,2% artaraq 15 min 265 dollara, qurğuşun 0,08% qalxaraq 1 min 986,5 dollara, sink isə 0,44% artaraq 2 min 873,5 dollara yüksəlib. İstisna təşkil edən qalay isə 0,04% ucuzlaşaraq ton üçün 34 min 300 dollara geriləyib.

SHFE-də isə alüminium 0,07%, nikel 0,33%, qurğuşun 0,06%, sink 0,43% artıb. Qalay isə 1,1% geriləyərək ton üçün 269 min 250 yuana düşüb.

 





08.09.2025    çap et  çap et