Vaxt.Az

««Moşennik»lərin adlarını açıqlayacam»


 

«FİFA yanlış qərar çıxarıb, Tomovski buna layiq deyil»

««Moşennik»lərin adlarını açıqlayacam» «Bəli, FİFA komandamıza sanksiya tətbiq edə biləcəyi barədə qərar çıxarıb. Klubu da 7500 İsveçrə frankı məbləğində cərimələyib». Bu sözləri apasport.az saytına açıqlamasında «Bakı»nın icraçı-direktoru Yaşar Seyidov deyib.


Klub rəsmisi FİFA İntizam Komitəsinin təmsil olunduğu klub haqda çıxardığı qərarları belə şərh edib: «Bizə ona görə 7500 İsveçrə frankı məbləğində cərimə kəsilib ki, sabiq bolqarıstanlı legionerimiz Aleksandr Tomovskiyə olan borcu vaxtında ödəməmişik. Məsələ həllinin tapmayana qədər biz hər gün üçün futbolçuya ödəniləcək məbləğin 0,5 faizini cərimə olaraq FİFA-ya ödəməliyik».

Tomovskiyə olan borcun ödəniləcəyini bildirən Seyidovun sözlərinə görə, FİFA-nın «Bakı» haqda çıxardığı qərar haqsızdı: «Düzdü, FİFA İntizam Komitəsinin qərarına görə, bir ay müddətində futbolçuya olan borcu ödəməliyik. Əks təqdirdə, klubun hesabından 6 xal silinəcək və daha sonra birinci diviziona göndərilmək ehtimalı var. Biz FİFA-nın Apelyasiya Komitəsinə şikayət etmişik. Verilən qərardan narazı olduğumuzu bildirmişik. Amma onlar bizim göndərdiyimiz şikayətə baxmayıblar. İndi hüquqşünas vasitəsilə yenidən bu məsələnin həllinə çalışacağıq. Artıq uzatmaq lazım deyil. Tomovski klubun heç bir uğurunda iştirak etməyib. Amma iddia qaldırıb ki, «Bakı» çempion olduğu üçün ona 20 min dollar mükafat verilməlidir. 78 min dolların 20 mini məhz həmin mükafatdır. Açın, statistikaya baxın. Tomovski buna layiq deyil. FİFA da haqsız qərar çıxarıb».

Klub rəsmisi üzləşdikləri problemdə azərbaycanlı menecerləri də ittiham edib: «Ölkədə bəzi «moşennik» menecerlər var ki, işləri ancaq klublardan pul qoparmaqdır. Hələ susuram, zamanı gəlincə, hər şeyi deyəcəyəm. Onların adlarını bir-bir açıqlayacağam. Futbolumuzda belə çirkli işlərlə məşğul olanlar çoxdur. Vaxtı gələndə onlar ifşa edəcəm. Adını menecer qoyub, çirkli işlərlə məşğul olurlar».

Seyidov yaxın zamanlarda klub prezidenti Hafiz Məmmədovla görüşərək, Tomovski məsələsində bütün qərarları ona təqdim edəcəyini bildirib: «Bu gün klubun prezidenti Hafiz Məmmədovla görüşəcəyəm. Ona bütün qərarları və sənədləri təqdim edəcəyəm. Məsələdən özü xəbərdardır və yekun qərarı da o, verəcək».

 





17.06.2014    çap et  çap et