Vaxt.Az

ABŞ-da növbəti əməliyyat


 

Tramp administrasiyası Massachusetts ştatında yeni miqrant ovuna başlatdı

ABŞ-da növbəti əməliyyat ABŞ Prezidenti Donald Tramp administrasiyasının Massaçusets ştatında qanunsuz yollarla ölkəyə daxil olan və cinayət törətdiyi iddia edilən miqrantların ölkədən çıxarılmasına yönəlmiş yeni əməliyyat başlatdığı bildirilib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən (DHS) “CNN”ə verilən açıqlamada, ABŞ Miqrasiya və Gömrük Mühafizəsi İdarəsi (ICE) tərəfindən həyata keçirilən və “Patriot 2.0” adlandırılan əməliyyatın may ayında başlanmış əməliyyatın davamı olduğu qeyd edilib.

Açıqlamada, ştatın paytaxtı Bostonun Demokratik meriyası tərəfindən tətbiq edilən “sığınacaq şəhər” siyasəti tənqid olunaraq, bu siyasətlərin “cinayətkarları cəlb etdiyi və ictimai təhlükəsizliyi təhdid etdiyi” vurğulanıb.

DHS, yerli hakimiyyət orqanlarının sərbəst buraxdığı miqrant cinayətkarların federal qruplar tərəfindən tutulacağını və ölkədən çıxarılacağını bildirib.

Digər tərəfdən, Boston meri Mişel Vu (Michelle Wu) əməliyyatın şəhər resursları ilə dəstəklənməyəcəyini açıqlayıb.

Massaçusets qubernatoru Maura Hiliy (Maura Healey) isə MSNBC-yə verdiyi açıqlamada, “ICE və administrasiyanın etdiyi işlər ictimai təhlükəsizliklə bağlı deyil, siyasi nümayişdir. Bu, siyasi güc manevri və hədələmə cəhdidir” deyib.

ABŞ Ədliyyə Nazirliyi Bostonun “sığınacaq şəhər” siyasəti ilə bağlı Vu idarəsinə qarşı məhkəmə iddiası qaldırmışdı.

Daxili Təhlükəsizlik naziri Kristi Noem ayın əvvəlində ICE-in ölkənin iri şəhərlərində əməliyyatlarını genişləndirməyi planlaşdırdığını təsdiqləmişdi.

ABŞ-ın Los-Anceles şəhərində Miqrasiya və Gömrük Mühafizəsi İdarəsi (ICE) tərəfindən saxlanılmış qeyri-qanuni miqrantlara dəstək məqsədilə keçirilən aksiyalar zamanı çox sayda şəxs saxlanılmış, bəzən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş vermişdi.

Tramp administrasiyası vəziyyəti nəzarət altına almaq üçün Milli Qvardiya və dəniz piyadalarını səfərbər etmişdi.

 





08.09.2025    çap et  çap et