Argentina mətbuatına görə, Milli Seçki İdarəsi (DINE) Buenos-Ayres ştatındakı qanunvericilik seçkilərində səslərin 90%-nin açıldığını bildirib.
Məlumata görə, Peronist müxalifətin təşkil etdiyi “Fuerza Patria” (Vətən gücü) koalisiyası səslərin 47%-ni, Prezident Xavyer Miley rəhbərliyindəki “La Libertad Avanza” (İrəliləyən azadlıq) isə 34%-də qalıb.
Müxalifət ştatın 8 seçki bölgəsindən 6-sında qalib gəlib, iqtidar yalnız 2 bölgədə uğur qazana bilib.
Argentinanın ən böyük seçki bölgəsi olan paytaxt Buenos-Ayresdəki nəticələr oktyabrda keçiriləcək parlament seçkiləri üçün müxalifətin “böyük” qələbəsinə işarə edərkən, Miley administrasiyası gözlədiyini əldə edə bilməyib.
Seçkilərə qadağa səbəbindən qatılmayan, lakin Peronist müxalifətin siyasi liderliyini davam etdirən sabiq Prezident Kristina Fernandez de Kirçner evinin önündə toplaşan minlərlə tərəfdarına balkondan əl yelləyib.
İyundan bəri korrupsiya ittihamı ilə ev həbsində olan Kirçner nəticələr barədə “X” sosial media platformasında paylaşım edib.
Mileyə müraciət edən Kirçner “Miley, gördünmü? Argentina tarixinin ən qaranlıq və faciəli dövrünü təmsil edən “Bir daha heç vaxt”ı dağıtmaq cavabsız deyil. Rəqiblərinin acısına gülmək də deyil. Sabunun köpüyündən kənara çıx, vəziyyət ciddidir”, – deyib.
Miley məğlubiyyəti qəbul etdi
Prezident Miley mətbuata açıqlamasında Buenos-Ayres ştatında açıq məğlubiyyət aldığını bildirərək, “Əgər yenidən inşa etməyə və irəliləməyə başlamaq istəyiriksə, əvvəlcə nəticələri qəbul etməliyik. Bu gün müsbət tablo çıxmadı, seçkilərdə geriləmə yaşadıq və bunu qəbul etməliyik”, – deyib.
Miley nəticələri ətraflı qiymətləndirəcəklərini qeyd edərək əlavə edib:
“Səhvlərimizi düzəldəcəyik. Siyasi sahədə səhvlər etmişiksə, onları sorğulayacağıq, hərəkətlərimizi dəyişdirəcəyik və 26 oktyabrda daha yaxşı nəticə əldə etmək üçün çalışacağıq”.
Argentina mətbuatına görə, Peronist koalisiya birlik içində hərəkət edərək seçkini güclü şəkildə qazanıb.
Ekspertlər bildirir ki, bu nəticə Mileyin siyasi olaraq zəiflədiyini və islahat prosesində daha dar manevr imkanına sahib olacağını göstərir.
Buenos-Ayresdəki seçkilər yalnız yerli səviyyədə deyil, ölkənin siyasi gələcəyini müəyyən edəcək kritik sınaq sayılır.
Buenos-Ayres ştat seçkilərinin əhəmiyyəti
Argentinanın ən sıx əhalisi olan Buenos-Ayres seçicilərin təxminən 40%-ni əhatə etməsi və Konqresdə 70 deputat və 3 senatorla təmsil olunması səbəbindən ölkə siyasətində həlledici mövqedədir. 92 deputat və 46 senatorluq ştat parlamentinə sahib Buenos-Ayresdəki seçkilər yalnız yerli idarəni deyil, eyni zamanda milli tarazlıqları da birbaşa təsir edir.