Bu təşəbbüs, xüsusilə endometriozis kimi xroniki xəstəliklərdən əziyyət çəkən qadınların yaşadıqları çətinlikləri yüngülləşdirməyi hədəfləyir. Təklif edilən pilot tətbiq 2026-cı ilin yanvarında başlayacaq və yalnız həkim rəyi ilə təsdiqlənmiş ağır menstruasiya simptomları yaşayan qadınları əhatə edəcək. Məqsəd, qadınların iş məhsuldarlığını artırmaq və hələ də cəmiyyətdə davam edən fizioloji tabuları aradan qaldırmaqdır.
“SÖS Plus” qrupu vurğulayır ki, adi xəstəlik icazəsi bu hallar üçün kifayət etmir. Qadınların menstruasiyanın ilk günlərində yaşadıqları mədə bulantısı, baş ağrısı, əzələ qıcolmaları və intensiv halsızlıq kimi simptomlar iş fəaliyyətinə ciddi təsir göstərir.
Lakin təklif, şəhərdə qənaət tədbirlərinin gündəmdə olduğu bir dövrdə gəldiyi üçün mühafizəkar partiyalar tərəfindən tənqid olundu. CDU partiyası qeyd etdi ki, menstruasiya icazəsi həm büdcəyə əlavə yük gətirir, həm də ayrı-seçkilik müzakirələrini gücləndirə bilər.
Tənqidçilər, belə bir icazənin qadınları iş bazarında “zəif” göstərə biləcəyinə diqqət çəkir. Digər tərəfdən, dəstəkçilər bu addımın iş yerlərində daha çox bərabərlik təmin edəcəyini və qadın sağlamlığının ciddiyə alınmasına xidmət edəcəyini vurğulayır.