Baş nazir Fransua Bayrunun gələcəyi bu gün (8 sentyabr) kağız üzərində çox mənfi görünən bir etimad səsverməsi ilə bağlı qeyri-müəyyən olaraq qalır.
Səsvermə sadə çoxluq prinsipi ilə keçiriləcək və hökumətin devrilməsi üçün deputatların yarısından çoxunun etimad səsverməsini rədd etməsi kifayət edəcək.
İfrat sağçı “Milli Birlik” (“Rassemblement National” – RN) partiyasından tutmuş radikal solçu “Təslim olmayan Fransa” (“La France Insoumise” – LFI) və solçu “Sosialist Partiyası”na (“Parti Socialiste” – PS) qədər demək olar ki, bütün siyasi qüvvələr etimad səsverməsini rədd edəcəklərini açıqlayıblar. Mühafizəkar “Respublikaçılar Partiyası” (“Les Républicains” – LR) partiyasının fraksiya rəhbəri Loran Vokye dünən verdiyi açıqlamada deputatların səsvermə azadlığına sahib olacaqlarını bildirib.
Hökumətin devriləcəyi halda Fransa Prezidenti Emmanuel Makronun üç seçimi olacaq – yeni baş nazir təyin etmək, müvəqqəti hökumətlə kifayətlənmək və ya Milli Məclisi bir daha buraxmaq. Lakin bu üç yoldan heç biri ikinci müddətinin əvvəlindən bəri davamlı siyasi qeyri-sabitliklə üzləşən dövlət başçısı üçün ideal görünmür.