Qəbələ şəhər stadionuna AFFA rəsmiləri baxış keçirib, müsbət rəy bildirsələr də UEFA tərəfindən əyalətə hələ ki, səfər edən olmayıb. Saytımıza açıqlama verən «Qəbələ»nin marketinq işləri üzrə meneceri Səməd Nəsibov UEFA rəsmilərinin Qəbələyə nə zaman səfər edəcəyini bildirməklə yanaşı, həm də komandanın ev oyunlarını keçirdiyi stadionda görülən son işlər haqda danışıb: «Demək olar ki, bütün işlər tamamlanıb. Dünən də işıq dirəklərinin ikisi quraşdırıldı. Digər ikisi də quraşdırılandan sonra hazırlıqlar tamamlanmış olacaq. Soyunub-geyinmə otaqları da hazırdı. Stadionun ot örtüyü ideal səviyyədədir. Artıq UEFA rəsmilərinin gəlməsini, yekun fikirlərini bildirməsini gözləyirik. Onlar da ayın 19-da gəlməlidir. AFFA rəsmiləri 2 dəfə stadiona baxış keçiriblər. Fikirləri də müsbət olub. Planda oturacaqlar olmayan yerlərə tribunaların quraşdırılması nəzərdə tutulub. Təqribən əlavə 1500 oturacaq qoyulacaq. Hazırkı durumda stadionun azarkeş tutumu 3000-ə yaxındı. 1500 oturacaq da artırılsa, təxminən stadionun 5000-ə yaxın azarkeş tutumu olacaq. İndidən say demək çətindi. Çünki oturacaqların ölçüsü söhbəti var. Bəlkə də 1500-dən çox olacaq».