Vaxt.Az

“Trilyonçular klubunun” 20-ci ölkəsi


 

Polşanın ÜDM-si trilyon dolları aşdı

“Trilyonçular klubunun” 20-ci ölkəsi Ümumi daxili məhsulu (ÜDM) 1 trilyon dolları keçən Polşa rəsmən nüfuzlu “trilyonçular klubuna” qoşuldu. Bu isə Polşanı dünyada bu iqtisadi həddi aşan 20 ölkədən biri edir.

Polşanın bu nailiyyəti birdən-birə əldə olunmayıb, uzun illərin ardıcıl siyasət və islahatlarının nəticəsidir. 1990-cı illərin əvvəlində Polşa postsovet böhranından çıxmaq üçün “şok terapiyası” adlanan iqtisadi islahatlara başladı. Sahibkarlığa geniş meydan verildi, bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu.

Ölkə Avropa Birliyinə (AB) üzv olduqdan sonra (2004) həm siyasi sabitlik, həm də iqtisadi inkişaf üçün yeni imkanlar qazandı. Birlik fondlarından milyardlarla avro vəsait cəlb edildi və bu pullar infrastruktur, yollar, sənaye və kənd təsərrüfatının inkişafına yönəldildi.

Polşada əmək bazarı nisbətən ucuz, amma savadlı və peşəkar işçi qüvvəsi ilə seçildi. Bu, Avropa və Amerika şirkətlərini Polşaya sərmayə qoymağa həvəsləndirdi. İT sektoru, avtomobil sənayesi, xidmət sahəsi sürətlə böyüdü.

Eyni zamanda, kənd təsərrüfatı da modernləşdirildi – Polşa Avropanın əsas ərzaq ixracatçılarından birinə çevrildi. Enerji sahəsində də diversifikasiya addımları atıldı, Rusiyadan asılılıq azaldıldı.

İqtisadi artım uzun illər ardıcıl davam etdi, hətta pandemiya və müharibələrdən sonra da Polşa regionun ən dayanıqlı iqtisadiyyatlarından biri oldu. Bu amillərin hamısı birlikdə ÜDM-in 1 trilyon dollara çatmasına gətirib çıxardı.

Ağıllı islahatlar, AB üzvlüyünün verdiyi imkanlar, xarici sərmayə, güclü sənaye və kənd təsərrüfatı – Polşanı “trilyonçular klubuna” daşıdı.

 





08.09.2025    çap et  çap et