Vaxt.Az

Gizli aerodrom məhv edildi


 

Venesuelada narkotik daşınmasında istifadə edilən təyyarə zolağı tapılıb

Gizli aerodrom məhv edildi Donald Tramp – Nikolas Maduro gərginliyinin ABŞ-ın Kariblərə hərbi gəmilər göndərməsi ilə pik həddə çatdığı bir vaxtda Venesuelada diqqətçəkən hadisə baş verib.

Venesuela mərkəzli “Telesur” telekanalının xəbərinə görə, Bolivarçı Milli Polis Təşkilatı (PNB) bəyan edib ki, ölkənin Falkon əyalətində keçirilən əməliyyat zamanı beynəlxalq narkotik qaçaqmalçılığı ilə əlaqəli təyyarələrin qalxıb-enməsi üçün istifadə olunan uçuş zolağı dağıdılıb.

Rəsmi açıqlamada zolağın təxminən 500 metr uzunluğunda olduğu bildirilib və bölgədə narkotik kartellərinə qarşı əməliyyatların davam etdiriləcəyi vurğulanıb.

 

Kariblərdə hərbi güclənmə

 

Eyni zamanda müdafiə naziri Vladimir Padrino Lopes dövlət televiziyasına açıqlamasında ölkənin Karib dənizi bölgəsindəki hərbi mövcudluğunu gücləndirəcəyini bildirib.

Onun sözlərinə görə, narkotik kartellərinə qarşı əməliyyatlar Kolumbiya sərhədindəki Apur əyalətində də davam edir: “Bizim yerimizə heç kim bu işi görməyəcək. Heç kim bu torpaqlara ayaq basıb bizim etməli olduğumuz işi görməyəcək”.

ABŞ prezidenti Donald Tramp bundan öncə imzaladığı sərəncamla Latın Amerikasındakı narkotik kartelləri ilə birbaşa mübarizə iddiası altında ordunun daha geniş və səmərəli istifadəsi göstərişini vermişdi.

Vaşinqton administrasiyası isə Nikolas Maduronun on ildən artıqdır narkotik qaçaqmalçılığında məsuliyyət daşıyan “Cartel de los Soles” qruplaşmasına rəhbərlik etdiyini iddia edir.

 





08.09.2025    çap et  çap et