ABŞ gömrük vergiləri və daxili siyasi qeyri-müəyyənliklərə baxmayaraq, sağlam istehlak xərcləri Yaponiya iqtisadiyyatını aprel-iyun dövründə böyüdüb. Məlumat bu gün açıqlanan hökumət məlumatlarında əks olunub.
Məlumatda bildirilib ki, bir ölkənin maliyyə və xidmətlərinin ümumi dəyərini ifadə edən real ÜDM ikinci rübdə mövsümi təsirlərdən təmizlənmiş illik bazada 2,2% artıb.
Bu göstərici, əvvəl açıqlanan 1% ilkin proqnozdan daha yaxşıdır. Güclü istehlak xərcləri və ehtiyatlar artımı əvvəlki proqnozlardan daha çox dəstəkləyib. Rübdən-rübə artım isə ilkin 0,3% proqnozdan 0,5%-ə yüksəlib.
İxracdan asılı iqtisadiyyat üçün ən böyük narahatlıq isə ABŞ Prezidenti Donald Trampın Yaponiya ixracına tətbiq etdiyi gömrük tariflərinin artırılmasıdır. Xüsusilə avtomobil ixracı, gömrük vergilərinin 2,5%-dən 15%-ə yüksəlməsi ilə üzləşib.
Son hökumət məlumatlarına görə, xüsusi istehlak 0,4% artıb. Bu, 0,2%-lik ilkin proqnoza nisbətən yaxşılaşma deməkdir. Beləliklə, daxili tələbat da əvvəlki məlumatlarda göstərilən 0,1%-lik azalma yerinə 0,2% artım göstərib.
Asiya fond birjaları Baş nazir Şigeru İşibanın dünən həm baş nazirlikdən, həm də partiyasının rəhbərliyindən istefa etdiyini elan etməsinə baxmayaraq, bu gün səhər ümumilikdə yüksəlib. Yaponiya göstərici indeksi sərt artım göstərib.
İşiba iyul ayında baş verən tarixi seçki məğlubiyyətindən sonra partiyasından gələn artan məsuliyyət çağırışlarını qəbul edərək vəzifəsini tərk edəcəyini açıqladı. Dünən keçirdiyi mətbuat konfransında qeyd etdi ki, əslində istefa etməyi əvvəldən düşünmüşdü, lakin əvvəlcə ABŞ ilə gömrük tarifləri müzakirələrində irəliləyiş əldə etmək istəyirdi. Bu proses, ABŞ Prezidenti Donald Trampın cümə günü Yaponiya avtomobilləri və digər məhsullara tətbiq olunan gömrük vergisini 25%-dən 15%-ə endirməsi ilə tamamlandı.
İşiba yeni bir lider seçilib parlament tərəfindən təsdiqlənənədək vəzifəsində qalacaq.
“Amova Asset Management” qlobal strategiya direktoru Naomi Fink, “Bazarlar qısa müddətdə müvəqqəti liderlik qeyri-müəyyənliyinə reaksiya verə bilər, lakin yeni lider seçildikdə bu vəziyyət həll edilə bilər. Bu arada LDP-nin azlıq hakimiyyəti davam edəcək kimi görünür, beləliklə, uzlaşma siyasət formalaşdırmada həlledici olacaq”, – deyib.
Yaponiya “Nikkei 225” indeksi səhər əməliyyatlarında 1,4% artıb. Cənubi Koreya “Kospi” 0,2% yüksəldi. Avstraliya “S&P/ASX 200” 0,3% azaldı. Honq-Konq “Hang Seng” 0,3%, Şanxay indeksi isə 0,2% artdı.