Yeni həftəyə də yüksəlişlə başlayan qızıl, Bakı vaxtilə 15:00 radələrində 3.622 dollara qədər qalxaraq rekordu təzələyib. Qram qızıl da rekord səviyyəsini 200 manata yaxınlaşıb. Hazırda qızıl qiymətlərində yüksəliş davam edir və qiymətli metal 20 avqustdan bəri yüksəliş tempini sürətləndirib.
Qızıl qiymətlərindəki bu güclü hərəkətin əsas təkanverici səbəbi, FED-in 17 sentyabrdakı iclasında faiz endirimi edəcəyi gözləntisidir. Hazırda gələcək bazarlarında 25 baza bəndlik faiz endirimi ehtimalı %92 səviyyəsində qiymətləndirilir. Həmçinin, 50 baza bəndlik daha aqressiv endirim ehtimalı da gündəmdə qalır.
Qızıl kimi gəlirsiz aktivlər, faiz dərəcələri düşdükdə daha cəlbedici olur. Çünki azalan faizlər sabit gəlirli investisiya alətlərinin gəlirini azaldır. Bundan əlavə, geosiyasi gərginliklərin artması, qlobal iqtisadi böyüməyə dair narahatlıqların davam etməsi və bəzi ölkələrdə dövlət borcunun sürətlə artması investorların qızıla yönəlməsini dəstəkləyən digər mühüm faktorlar sırasındadır.
“Bitcoin” və “S&P 500”ü geridə qoydu
Qızıl 2025-ci ilin əvvəlinə qədər %38 dəyər qazanaraq bu il içində “Bitcoin”in %21 yüksəlişi və “S&P 500” indeksinin %10 artımını geridə qoyub. Bu performans investorlar üçün qızılı ilin ən güclü alternativ investisiya alətlərindən birinə çevirib.
Investorların diqqətindəki növbəti kritik məlumat sabah açıqlanacaq ABŞ İstehlak Qiymətləri İndeksi (İCİ) olacaq. Gözləntilərin altında gələcək bir inflyasiya məlumatı, faiz endirimi gözləntilərini daha da gücləndirərək qızılın unsiya qiymətində yuxarı hərəkətin davam etməsinə səbəb ola bilər.
Əksinə bir ssenaridə inflyasiyanın gözləntilərin üzərində gəlməsi FED-in ehtiyatlı qalmasına səbəb olaraq aqressiv faiz endirimi ehtimalını azalda bilər. Bu, qısa müddətdə qızıl qiymətlərində dəyişkənlik yarada və yüksəliş tempinin müvəqqəti dayandırılmasına səbəb ola bilər.
Xüsusilə baş inflyasiya göstəricisində aylıq artımın %0,3 səviyyəsini keçməsi sıxılma narahatlıqlarını yenidən gündəmə gətirə bilər. Bu halda qızıl qiymətlərinə təzyiq yarana və bazarda qısa müddətli düzəlişlər müşahidə oluna bilər. Ancaq inflyasiya aşağı qalarsa, qızıl 3.600 dolların üzərini sınamağa davam edə bilər.