Vaxt.Az

Braziliyada aksiyalar


 

On minlərlə etirazçı Bolsonaruya dəstək üçün küçələrə çıxıb

Braziliyada aksiyalar Çevriliş cəhdi iddiası ilə məhkəməyə verilən keçmiş Braziliya Prezidenti Jair Bolsonarunun on minlərlə tərəfdarı 7 Sentyabr Milli Müstəqillik Günü münasibətilə küçələrə çıxıb.

Ali Məhkəmənin Bolsonarunun 2022-ci il seçki nəticələrini ləğv etmək cəhdləri ilə bağlı çevriliş cəhdi işində qərarını bu həftə açıqlaması gözlənilir.

70 yaşlı siyasətçi cümə günü 40 ildən çox həbs cəzası ala bilər.

Radikal sağçı siyasətçinin tərəfdarları, son illərdə olduğu kimi bu il də Milli Müstəqillik Günündə küçələrə çıxaraq etiraz aksiyası keçirib.

Braziliya bayrağının rənglərini geyinən aksiyaçılar ev həbsində olan Bolsonaruya dəstəklərini Rio de Janeiro, Sao Paulo və paytaxt Braziliya meydanlarında güc göstəriblər.

Reaksiyalar, mövcud Prezident Luiz Inacio Lula da Silvadan çox Ali Məhkəmə Hakimi Aleksandre de Moraesə yönəlib.

Jair Bolsonarunun böyük oğlu, Flavio Bolsonaru çıxışında hakimi “diktator” adlandırıb.

Rio-de-Janeyrodakı Kopakabana plyajında keçirilən aksiyada iştirak edən Flavio Bolsonaru aksiyaya səlahiyyətlərini sui-istifadə etdiyinə görə 2030-cu ilə qədər siyasi fəaliyyəti qadağan edilmiş atası Bolsonarunun namizəd ola biləcəyini vurğulayan şəkildə “Bolsonaru 2026” köynəyi ilə qatılıb.

Rio-de-Janeyrodakı aksiyaçılardan Sueton Souza (Suieton Souza) keçmiş hərbçi olduğunu qeyd edərək, “Əgər hakimiyyətdə qalmaq istəsəydi, bunda uğur qazanardı. Braziliyalılar ayılmalıdır”, – deyib.

Sao Pauloda isə həm bələdiyyə sədri Tarsisio de Freytas (Tarcisio de Freitas), həm də Bolsonarunun həyat yoldaşı Mişel Bolsonaru (Michelle Bolsonaro) mikrofonu əllərinə alıb.

Mişel Bolsonaru göz yaşları içində, “Ölkəsinə və xalqına aşiqdir, amma əziyyət çəkir. Hər gün ona deyirəm ki, qalib gələcəksiniz. Tanrının xalqımıza verəcəyi cavaba inanıram”, – deyib.

Sao Paulo Universitetindən verilən açıqlamaya görə, şəhərdə keçirilən aksiyada 40 min Bolsonaru tərəfdarı iştirak edib. Keçən il də Sao Pauloda oxşar say qeydə alınmışdı.

Aksiyaçıların ABŞ bayraqları daşıması diqqət çəkib.

Braziliyaya 50% gömrük vergisi tətbiq edəcəyini açıqlayan Donald Tramp bunun Bolsonaruya açılan dava ilə birbaşa əlaqəli olduğunu söyləmişdi.

ABŞ Prezidenti Donald Trump, Ali Məhkəmə Hakimi Aleksandre de Moraesə də sanksiya tətbiq etmişdi.

Digər tərəfdən, Milli Müstəqillik Günü çərçivəsində paytaxt Brazilyada keçirilən hərbi paradda iştirak edən Prezident Luiz Inacio Lula da Silva ölkəsinə qarşı ABŞ sanksiyalarını dəstəkləyən müxalifləri hədəfə aldı.

Jair Bolsonaru və bir müddətdir ABŞ-da yaşayan senator Eduardo Bolsonarunu işarə edərək, “Braziliya’ya qarşı sanksiyaları təşviq edən bəzi Braziliyalı siyasətçilərin rolu qəbul edilə bilməz. Onlar Braziliya xalqı üçün seçilmişdilər, amma yalnız şəxsi maraqlarını müdafiə edirlər. Onlar vətən xainləridir. Tarix onları bağışlamayacaq”, – deyib.

Luiz Inacio Lula da Silva ABŞ-ın gömrük vergilərinə toxunaraq qeyd edib: “Braziliya heç vaxt kimsənin tabeçiliyinə girməyib. Heç vaxt kimsənin əsarətində olmadıq və olmayacağıq. Öz torpaqlarımızı və xalqımızı başqa bir dövlətin müdaxiləsi olmadan idarə edirik”.

79 yaşlı lider bütün ölkələrlə dost münasibətlər saxlamağa çalışdıqlarını vurğulayaraq, “Bizə qəbul etdirmək istədiklərinin əksinə, Braziliya Prezidenti məhkəmə qərarlarına müdaxilə etmir. Braziliyanın yeganə sahibi var: Braziliya xalqı”, – deyib.

Braziliya mətbuatına görə, Eduardo Bolsonaru Donald Tramp administrasiyasını Braziliyaya daha çox gömrük vergisi tətbiq etməyə və atası Bolsonaruya çevriliş cəhdi işi ilə bağlı ev həbs cəzası verən hakimlər üzərində təzyiq göstərməyə təşviq edir.

 





08.09.2025    çap et  çap et