Vaxt.Az

ŞƏT-in dalınca düşməkdənsə...


 

Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir

ŞƏT-in dalınca düşməkdənsə... Avropa Birliyinin (AB) ciddi siyasi böhran, iqtisadi staqnasiya dövrünü yaşaması və Donald Trampın Rusiya, Hindistan, Çinə münasibətdə ağır səhvlərə yol verməsi sonda sonuncuların birləşməsi və Qlobal Cənub düşərgəsinin ŞƏT, BRİCS kimi platformalar üzərindən dünyaya meydan oxuması ilə nəticələndi.

Bəli, başa çatan həftəyə damğasını vuran Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) təmtəraqlı zirvə toplantısı və Pekində keçirilən qrandioz hərbi parad təkcə ABŞ və Qərbə yox, əslində bütün dünyaya meydan oxumaq idi.

Bu arada Trampın başı hələlik sosial şəbəkələrdə Pekin paradında gördüklərindən məyus olmağa, yas tutmağa qarışıb. O, gah “Rusiyanı və Hindistanı qaranlıq Çinə uduzduq” deyib köks ötürdü, gah sözügedən hərbi paradda Si Cinpin, Putin və Kim Çen Inın bir araya gəlməsindən narahatlığını ifadə edərək, onların ABŞ-a qarşı əməkdaşlıq etdiyini bəyan etdi, gah da ABŞ-ın hərbi qüdrəti ilə sarsaqcasına öyündü.

Si Cinpin isə qədim Çin hiyləgərliyini ortaya qoyaraq həm ŞƏT-də tam liderliyi ələ aldı və dünyanın yeni siyasi-iqtisadi qütbünün (Qlobal Cənubun) əsas aparıcı dövləti statusuna yiyələndi, həm də ABŞ-dan sonra dünyada əsas hərbi güc olduğunu nümayiş etdirdi.

Beləliklə, Çin bir tərəfdən hazırkı dünyanın dörd əsas “şər ölkə”si sayılan Rusiya, Hindistan, Şimali Koreya və İranı öz “çətir”i altında birləşdirməyi, onları öz satellitinə çevirməyi bacardı, digər tərəfdən isə Qlobal Cənubun bir çox ölkələrinin maddi resurslarını sömürmək üçün əlverişli zəmin yaratdı.

Çinin hegemonluq iddialarına ABŞ və Avropa Birliyi necə reaksiya verəcək və onlar Si Cinpinin qlobal planlarına qarşı hansı qabaqlayıcı, neytrallaşdırıcı tədbirləri görəcəklər, bu onların öz işidir. Bizim üçün önəmli olan əsas məsələ isə Çinin sözügedən “şər dövlət”ləri öz ətrafında cəmləşdirməsinin Azərbaycan və Türkiyə üçün, bütövlükdə Türk dünyası üçün hansı çağırışları ortaya çıxaracağını, nə kimi təhlükə və risklərə rəvac verəcəyini aydınlaşdırmaqdır.

Çünki ŞƏT-ə üzvlüyümüzün bloklanması sıradan bir hadisə deyil. Növbəti dəfə həm Türkiyənin, həm də Azərbaycanın ŞƏT-ə üzv olmaq təşəbbüsünün qarşısı alındı. Bundan əvvəl eyni “ssenari” ilə BRİCS-ə üzvlük cəhdimizdə də üzləşmişdik.

Bu dəfə Türkiyənin ŞƏT-ə üzvlüyünü Çin, Hindistan və Rusiya, Azərbaycanın bu quruma üzv olmasını isə Hindistan və Rusiya əngəllədi. Deyilənlərə görə, Putin bu məsələdə pərdəarxası “rejissor” rolunda çıxış edib və o, Hindistanın irqçi-faşist lideri Narendra Modiyə dəstək verib. Zatən onların hər ikisi pərdəarxası kirli oyunların, məkrli planların ustasıdır. İkisi də Türk dünyasına kin qusur.

Yeri gəlmişkən, Rusiya mediasında, sosial şəbəkələrin Rusiya seqmentində də belə məlumatlar yayılıb ki, Hindistanın Azərbaycanın ŞƏT-ə tam üzvlüyünü bloklamasına Rusiya dəstək verib.

Bu arada Hindistanın Xarici İşlər Nazirliyi (XİN) isə yalan məlumat yaymaqla, çaşqınlıq yaratmaqla məşğuldur.

Bildiyiniz kimi Hindistan XİN-in sözçüsü Randhir Caysval Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı qərarın, guya, “vaxt məhdudiyyəti səbəbindən” qəbul olunmadığını iddia edib.

Lakin Hindistan XİN-in nümayəndəsinin, rəsmi Dehlinin guya Azərbaycanın ŞƏT-ə üzvlüyünü əngəlləmədiyi haqda açıqlamasını “Trend”ə şərh edən anonim diplomatik mənbə isə bildirib ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünü məhz Hindistan bloklayıb, bu prosesdə “dirijor”luğu isə Rusiya edib.

“Sadəcə indi Dehli Rusiyanın pərdəarxası iştirakı ilə atdığı bu addımın çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu”na zidd olduğunu, həmçinin, bu prinsiplərdən çıxış edən və ŞƏT-in genişlənməsinə çalışan Çinə qarşı da hörmətsizlik kimi qəbul olunduğunu anladığından, məsuliyyətdən yaxa qurtarmağa çalışır. Amma Hindistanın Azərbaycanın üzvlüyünü bloklaması nə qədər məhdud və ucuz addım idisə, indi bunu rəsmi şəkildə yalan açıqlamalarla boynundan atmaq cəhdi də bir o qədər məhdud və ucuz gedişdir”, – deyə mənbə bildirib.

Təəssüf ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toksik üzvlərinin türk dövlətlərinə qarşı məkrli addımları təkcə Hindistan və Rusiyanın Azərbaycan və Türkiyənin bu ittifaqa üzv olmasını əngəlləmələri ilə məhdudlaşmır. Digər türk dövlətləri də (xüsusən də (Qazaxıstan və Özbəkistan) ŞƏT-ə üzvlüyün neqativ cəhətlərindən, mümkün risklərindən sığortalanmayıb. Belə ki, Qazaxıstanın faktiki olaraq Çin və Rusiyanın təsir dairələrinə bölünməsi qaçılmazdır. Eləcə də ŞƏT-in Tiencində keçirilən sammitində yaradılan və faktiki olaraq KTMT-ni əvəz edən Universal Təhlükəsizlik Mərkəzinin mənzil qərargahının Daşkənddə yerləşdirilməsinin qərara alınması isə Özbəkistanın rəsmi Pekindən asılılığını həddindən artıq artıracaq.

Bütün bunlar o deməkdir ki, ŞƏT-ə üzvlük Azərbaycan və digər türk dövlətləri üçün o qədər də risksiz, təhlükəsiz deyil.

Əlbəttə, bu platformada yer almaq, rəsmi üzv kimi təmsil olunmaq bizim ölkələrimizə bir sıra iqtisadi faydalar gətirə bilər, regional və qlobal layihələrdə rolumuzu gücləndirə bilər. Ancaq bizim bu quruma üzv olmağımızı təkcə biz özümüz yox, bu qurumu təsis edən qurucu dövlətlər özləri bizdən də çox istəməlidir. İndiki halda isə qurucu dövlətlərdən Çin və Pakistanın Azərbaycanla münasibətləri ən yüksək səviyyədədir. Lakin bu, yetərli deyil. Çünki Hindistan və Rusiya isə ŞƏT-dəki “qurucu dövlət” statuslarından bizə qarşı suyu bulandırmaq və geosiyasi qarşıdurmaları artırmaq üçün istifadə edirlər.

Beləliklə, ŞƏT hazırda daxili ziddiyyətlərin hökm sürdüyü, Dehli və Moskvanın “saman altından su yeritdiyi” birlik formatına çevrilir. Bu isə təbii olaraq Azərbaycan və Türkiyənin quruma üzvlüyünü əngəlləyir. Nəticədə ŞƏT-ə üzv olmağın zəruriliyi bizim üçün əhəmiyyətli dərəcədə azalır.

Belə bir durumda Azərbaycan və Türkiyənin ŞƏT-ə üzvlüyünün təxirə salınması bəlkə də həm də Tanrının təqdiridir.

Belə ki, dünyada geosiyasi hərc-mərcliyin hökm sürdüyü və yeni dünya düzəninin hələ tam formalaşmadığı hazırkı kritik dönəmdə AB və ŞƏT kimi siyasi-iqtisadi ittifaqlarla sadəcə qarşılıqlı faydalılıq prinsipi əsasında əməkdaşlıq münasibətləri qurmaq, zənnimcə, daha rasional addım sayıla bilər. İndiki məqamda bu kimi bloklardan, ittifaqlardan bərabər məsafədə kənarda dayanmaq, neytrallıq nümayiş etdirmək və hələlik ikitərəfli əməkdaşlıq əlaqələrinə üstünlük vermək lazımdır.

Çünki belə qurumlara üzv olmaq Qərblə Qlobal Cənub arasında, ABŞ və Çin arasında, Avropa İttifaqı ilə ŞƏT arasında getdikcə artan ziddiyyətlər və qarşıdurmalar fonunda bizim kimi ölkələri də tez-tez bu və ya digər çətin vəziyyətlərlə, risklərlə, münaqişələr və sanksiyalarla üz-üzə qoya bilər.

Bu mənada sözügedən ittifaqlar, bloklar qarşısında tam üzvlük öhdəlikləri götürmədən, sadəcə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək ən optimal yoldur.

Çin, Mərkəzi Asiya (Türküstan) və Avropa ölkələri ilə ikitərəfli əlaqələrimiz onsuz da bir çox regional və qlobal layihələrin reallaşdırılmasında fəal rol oynamağımıza imkan verir. Ona görə də biz bu gün geosiyasi və geoiqtisadi ziddiyyətlər və rəqabət meydançasına çevrilən ŞƏT-in dalınca düşməkdənsə, ilk növbədə Türk Dövlətləri Təşkilatının (TDT) real güc mərkəzinə çevrilməsi haqda düşünməliyik. Bu, xüsusən də Türkiyəni hamıdan çox ilgiləndirməli olan bir məsələdir.

Hörmətli Ərdoğan gah Avropa Birliyinə, gah da ŞƏT-ə üstünlük verməkdənsə və ya israrla ərəb dünyasının himayəçisi rolunda çıxış etməkdənsə, TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir.

 





08.09.2025    çap et  çap et