Nyu-York şəhərində yerləşən ABŞ 2-ci Dairə Apellyasiya Məhkəməsi bu gün işlə bağlı mövqeyini açıqladı.
Mövqedə belə qeyd olundu: “Tramp, prezident toxunulmazlığı ilə bağlı əvvəlki qərarımızı yenidən nəzərdən keçirməyimiz üçün hər hansı əsas ortaya qoya bilmədi”.
Bildirildi ki, işə baxan bölgə məhkəməsinin etiraz olunan qərarlarında heç bir səhv olmayıb. Eyni zamanda, münsiflər heyətinin çıxardığı təzminat qərarlarının ədalətli və məqbul olduğu nəticəsinə gəlinib.
Beləliklə, apellyasiya məhkəməsi İ. Cin Karrola böhtan atdığına görə Trampa verilmiş 83,3 milyon dollarlıq təzminat qərarını təsdiqləmiş oldu.
Prezident Tramp isə ABŞ Ali Məhkəməsinin 2024-cü ilin iyulunda onun barəsindəki federal ittihamlar üçün prezident toxunulmazlığını genişləndirməsinin ardından, Nyu-York məhkəməsinin Karrola təzminat ödənilməsi barədə qərarını “həddindən artıq və etibarsız” adlandıraraq apellyasiyaya müraciət etmişdi.
“Təcavüz və təhqir” işi
“Magazin” jurnalının 81 yaşlı yazarı İ. Cin Karrol 1996-cı ilin yazında Nyu-Yorkdakı “Bergdorf Goodman” adlı mağazanın soyunma otağında Trampın ona təcavüz etdiyini açıqlamışdı. Tramp isə iddiaları rədd etmişdi.
Tramp Karrol tərəfindən açılan “təcavüz və təhqir” işində 2023-cü ilin mayında münsiflər heyəti tərəfindən günahkar bilinmiş Karrola cinsi təcavüz və zorakılıqdan 2 milyon, böhtandan isə 3 milyon dollar olmaqla ümumilikdə 5 milyon dollar təzminat ödəməyə məhkum edilmişdi.
İlk hüquqi qələbəsinin ardından Karrol Trampdan qazandığı 5 milyon dollara əlavə olaraq 10 milyon dollarlıq ikinci bir “zərər təzminatı” iddiası qaldırmış, 2023-cü ilin 6 sentyabrında hakim Trampı bir daha günahkar saymışdı.
Nyu-Yorkda 2024-cü ilin 16 yanvarında başlayan “zərər təzminatı” işində 9 nəfərlik münsiflər heyəti, yanvarın 26-da Trampın əlavə olaraq 83,3 milyon dollar təzminat ödəməsinə hökm vermişdi.