Sosial şəbəkədəki izləyicisi çox olan qruplardan birində paylaşılıb bu sitat və bu sözlərin Fridrix Nitşeyə aid olduğu qeyd edilib. Bu sitat müxtəlif platformada tez-tez qarşıma çıxdığı üçün “məsələyə yəqinlik gətirmək” istədim…
Nitşenin kitablarında, xüsusilə də “Belə dedi Zərdüşt”, “Şən elm”, “Hakimiyyətə iradə” kimi əsərlərində belə bir ifadə tapılmır. Onun üslubu daha çox ironiya, metafora və fəlsəfi paradokslarla doludur. Qəribədir ki, bu sözlər müxtəlif versiyalarda başqa müəlliflərə də aid edilib. Çox vaxt dini fanatizmə və bir tək mənbəyə kor-koranə bağlanmağa qarşı tənqid kontekstində istifadə olunur. Bəli, ifadə nə qədər Nitşevari üslubda olsa da orijinal mənbə yoxdur.
Əminliklə demək olar ki, bu ifadə apokrifdir, yəni müəllifinə yanlış aid edilən sitatdır.
Ancaq Müqəddəslik və Fanatizm barədə Fridrix Nitşenin iki sitatını burada paylaşmaq istəyirəm:
“Ən zərərli yalanlar çox vaxt müqəddəs sayılan kitablarda tapılır”…
(Qeydləri, 1880-ci illər)
“Ən təhlükəli düşmənlərimiz instinktlərimiz deyil, müqəddəslik donuna bürünmüş fanatiklərdir”…
(“Antixrist”, §9)
***
Bu sitatı paylaşan sosial şəbəkə istifadəçisi məsumdur, çünki internetdə o qədər dəqiqləşdirilməmiş kontent var ki... Hər dəfə yadıma düşəndə təbəssüm etdiyim bir sözü yəqin siz də eşidibsiz:
“Lenin deyib ki, internetdə yazılan hər şeyə inanmayın…”