Vaxt.Az

Rejim xalqın çörəyinə çöküb


 

Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib

Rejim xalqın çörəyinə çöküb Güney Azərbaycanın Qəzvin şəhərində bələdiyyənin dəyənəkli işçilərinin səyyar satıcılara hücumu ilə bağlı yayılan görüntülər ictimaiyyətdə ciddi rezonans doğurub. Sosial şəbəkələrdə paylaşılan videolarda və fotolarda bir neçə bələdiyyə əməkdaşının küçə satıcılarını döydüyü, onların arabalarını zorla dağıtdığı və güc tətbiq etdiyi açıq şəkildə görünür.

Hadisə nəticəsində satıcılar müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Şahidlərin sözlərinə görə, zərərçəkənlərin nə xəstəxana xərcləri, nə də vurulan digər maddi və mənəvi zərərləri ödənilməyib.

Məlumatlara əsasən, hücum edən şəxslər bələdiyyə ilə yanaşı rejimin rəsmi qurumlarına da bağlıdır. Onların müxtəlif tədbirlərdə polis yanında göründüyü, hətta etiraz aksiyalarında vətəndaşlara qarşı zorakılıqda iştirak etdiyi iddia olunur.

Hadisəni çəkərək işıqlandırmaq istəyən vətəndaşların isə təhdid edildiyi bildirilir. Bu isə ictimai narazılığı daha da gücləndirib.

Qəzvin Şəhər Şurasının bəzi üzvləri artıq məsələyə münasibət bildirərək, bunun təkrarlanan bir hal olduğunu vurğulayıblar. Onların sözlərinə görə, daha əvvəl də oxşar zorakılıq hadisəsi baş verib və bir səyyar satıcının qolu sınıb.

Hadisə ilə bağlı hüquqi araşdırmaların başladığı açıqlansa da, ictimaiyyət arasında bələdiyyə və hüquq-mühafizə orqanlarının məsuliyyət daşıyacağına dair ciddi şübhələr qalmaqdadır.

 





09.09.2025    çap et  çap et