“Xəritələri, şahmatı, labirintləri, tanqonun şəhvətini və Şirazı sevənlər, nəhayət, bir gün məni də sevəcəklər”, – bu sözlər görkəmli argentinalı yazıçı Xorxe Luis Borxesə aiddir.
Dahi mistifikator bu cümləyə özünün sevdiyi motivləri – coğrafiyanı, intellektual oyunları, Babil kitabxanasının qarmaqarışıqlığını, milli identikliyini (tango) və Şərq poeziyasına vurğun olmasını (Hafiz və Sədi demək Şiraz deməkdir) simvolik şəkildə sığdırdığı məşhur kəlamıdır.
Nə vaxtsa bloknotuma Borxesvari bir qeyd yazmışdım. Tam da Portenyosu təzə-təzə kəşf etdiyim zamanlardı. Ona heyranlığımı bir cümlə ilə belə ifadə etmişdim: “Borxesi sevənlər Argentina ilə bağlı hər şeyi sevərlər”…
Cənubi Amerikada liberal radikalizm adı altında hakimiyyətə gələn Xavyer Mileyin partiyası “La Libertad Avanza” Buenos-Ayres vilayətində ağır məğlubiyyətə uğradı. Bu nəticə təsadüfi deyil, çünki onun populist ritorikası real sosial-iqtisadi problemləri həll etmədi. Xalqı “azad bazar” şüarları ilə aldatmaq istəyən Milei əslində iqtisadiyyatı daha da dərin böhran girdabına saldı. Onun dollarlaşdırma planları ölkəni maliyyə fırtınasının mərkəzinə atdı.
Miley isə seçki sonrası boynuna “siyasi səhvlər etdim” etirafını almağa məcbur oldu. Ancaq bu etiraf gecikmiş, ümidləri puç olmuş xalq üçün heç bir təsəlli deyil. “Morgan Stanley” başda olmaqla beynəlxalq maliyyə çevrələri Mileyə etimadsızlığını göstərirlər.
İqtisadiyyat çökür, inflyasiya nəzarətdən çıxır, sosial müavinətlər kəsilir. Mileyin sərt valyuta siyasəti bazarı daraldır, işsizliyi artırır. Xalq sürətlə kasıblaşır. “Azadlıq” şüarı ilə gələn lider əslində ölkəni asılılığa sürükləyir. Dövlət aparatını dağıtmaq, ictimai xidmətləri özəlləşdirmək ideyası xalqın müqaviməti ilə toqquşur.
Seçicilər artıq bu yanlış kursu cəzalandırmağa başlayıb. Buenos-Ayresdə alınan nəticə oktyabr seçkiləri üçün ciddi xəbərdarlıqdır. Mileyin “islahat” adlandırdığı siyasət əslində sosial fəlakət proqramıdır. O, öz xalqına qarşı iqtisadi eksperimentlər aparır. Bu isə dövlətçilik deyil, avantürizmdir.
Nəticə etibarilə, Argentinanın xilası Mileyin sərt ideoloji ssenarisində deyil, sosial ədalətə söykənən real islahatlarda mümkündür. Miley isə hər gün daha çox təcrid olunur və siyasi səhnədən silinməyə doğru gedir.
çap et