“Financial Times”ın (FT) adları açıqlanmayan mənbələrinə əsaslanan xəbərə görə, AB rəsmiləri bu məsələni bazar günü müzakirə etməyə başlayıb. Mənbələrdən biri danışıqların “çox erkən mərhələdə” olduğunu bildirib.
Bu addım Rusiyanı birbaşa hədəf almadığı üçün “ikinci dərəcəli sanksiya” adlanır və həyata keçirilə bilməsi üçün AB-nin 27 üzvünün yekdil qərarı lazımdır. Lakin hələ də Rusiya qazı və neftindən asılı olan Macarıstan və Slovakiyanın buna qarşı çıxacağı gözlənilir.
AB-nin ən çox ticarət etdiyi ikinci ölkə Çindir (birinci ABŞ-dan sonra). Bu da Brüsselin sanksiya addımını atmasını çətinləşdirir. FT yazır ki, Brüssel bu qərarı vermədən öncə Vaşinqtondan dəstək almaq və ABŞ-la tam koordinasiya qurmaq istəyir.
Məlumata görə, AB rəsmiləri bazar ertəsi ABŞ-a səfər edib, ABŞ Enerji naziri Kris Rayt isə cümə axşamı Brüsseli ziyarət edəcək.
FT-yə danışan Rayt bildirib ki, Vaşinqtonun Moskvaya daha çox sanksiya tətbiq etməsi üçün əvvəlcə AB Rusiyadan qaz və neft idxalını dayandırmalıdır.
AB-nin Enerji komissarı Dan Yorqensen isə bu asılılığın 2027-yə qədər bitəcəyini iddia edir.
Moskvanı sülhə razı salmaq cəhdləri hələ uğur qazanmasa da, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni addımlar atmağa hazır olduğunu açıqlayıb.
Sentyabrın 7-də Rusiyanın Ukraynadakı müharibədə indiyə qədərki ən böyük hava hücumunu təşkil etməsindən sonra jurnalistlərə danışan Tramp, “Bunun həll olunacağına inanıram. Bu müharibə ilə bağlı heç nədən məmnun deyiləm”, – deyib.
Tramp Vladimir Putin və Rusiya məsələsində “ondan daha sərt” lider olmadığını iddia edərək müharibəni dayandırmaq cəhdlərini davam etdirəcəyini bildirib.
O, həmçinin Rusiya-Ukrayna müharibəsini bitirməyə yönəlmiş sülh razılaşmaları ilə bağlı “çox maraqlı danışıqlar” getdiyini vurğulayıb və bu çərçivədə Avropa liderlərini bu həftə paytaxt Vaşinqtonda qəbul edəcəyini açıqlayıb.