Vaxt.Az

Qətərin paytaxtı Dohada partlayış


 

İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı

Qətərin paytaxtı Dohada partlayış Qətərin paytaxtı Dohada baş verən partlayışlardan sonra İsrail ordusu, “HƏMAS” terror təşkilatının yüksək vəzifəli rəhbərlərinə hava zərbəsi ilə sui-qəsd həyata keçirdiyini bildirdi.

Yerli mediada yayılan xəbərlərdə, Dohanın mərkəzində partlayış səslərinin eşidildiyi qeyd olunub. “X” sosial şəbəkəsində paylaşılan görüntülərdə şəhərin müəyyən hissəsindən tüstülərin qalxdığı görünür.

İsrail ordusunun açıqlamasında hava zərbəsinin terror təşkilatının yüksək səviyyəli rəhbərlərinə qarşı həyata keçirildiyi bildirilsə də, hücumun harada baş verdiyi barədə təfərrüat verilməyib.

İsrailin “Kanal 12” televiziyasına danışan və adı açıqlanmayan bir rəsmiyə görə, Dohadakı partlayışlar İsrailin hücumu nəticəsində baş verib və “HƏMAS” rəhbərlərinə qarşı sui-qəsd cəhdi olub.

Qətər hakimiyyəti hadisə ilə bağlı hələlik açıqlama verməyib. İsrail rəhbərliyi bundan əvvəl də Hamas-ın xaricdəki yüksək vəzifəli rəhbərlərini hədəf almaqla hədələyirdi.

 

“Al Cəzirə”: “HƏMAS” rəhbərləri hücumdan sağ çıxıb

 

Qətərdə yerləşən “Əl Cəzirə” kanalı “HƏMAS” mənbələrinə istinadən bildirib ki, İsrail hücumu zamanı təşkilatın liderlərinin görüş keçirdiyi bina hədəf alınıb.

Xəbərdə qeyd olunub ki, Həlil əl-Hayyə başçılıq etdiyi “HƏMAS” nümayəndə heyəti zərbədən sağ çıxıb. “HƏMAS” rəhbərlərinin ABŞ prezidenti Donald Trampın son təklifini müzakirə etdikləri vaxtda İsrail tərəfindən hədəfə alındıqları bildirilir.

İsrail mediasının məlumatına görə, hücumun əsas hədəfi Həlil əl-Hayyə olub, lakin “HƏMAS”ın keçmiş liderlərindən Xalid Məşəl həmin vaxt orada olmayıb.

Bundan əvvəl həm İsrail, həm də beynəlxalq mediada hücumun həyata keçirildiyi binada Həlil əl-Hayyə və Xalid Məşəlin də olduğu iddia edilmişdi.

 





09.09.2025    çap et  çap et