Bessent ABŞ Prezidenti Donald Tramp administrasiyasının Federal Apellyasiya Məhkəməsinin tariflərin ləğvi qərarını ləğv etmək üçün Ali Məhkəməyə təqdim etdiyi bildirişdə, Apellyasiya Məhkəməsinin son qərarının mövcud ticarət danışıqlarına mənfi təsir göstərdiyini bildirib. Nazir qeyd edib ki, bu qərar Prezident Trampın Amerikan xalqı üçün ən yaxşı ticarət müqavilələrini əldə etmək gücünü məhdudlaşdırır.
O əlavə edib ki, qərar nə qədər gecikərsə, iqtisadi pozuntu riski bir o qədər artır: “Məsələn qərarın 2026-cı ilin iyununa qədər ertələnməsi, 750 milyarddan 1 trilyon dollara qədər gömrük rüsumlarının yığılması ilə nəticələnə bilər və bu rüsumların geri ödənməsi ciddi iqtisadi pozuntulara səbəb ola bilər”.
Bessent həmçinin, hazırda qüvvədə olan müqavilələrin ticarət tərəfdaşlarının ABŞ-dan əhəmiyyətli alış və sərmayə qoymasını təmin edən əlavə şərtlər ehtiva etdiyini vurğulayıb. O, Avropa Birliyinin 750 milyard dollarlıq enerji alışını və 600 milyard dollarlıq sərmayəni, Yaponiya və Cənubi Koreyanın isə ümumilikdə təxminən 1 trilyon dollarlıq alış və sərmayəni öhdəsinə götürdüyünü xatırladıb.
Nazir bildirib ki, bu razılaşdırılmış çərçivələrin ümumi dəyəri trilyonlarla dollara çatır: “Qərarın gecikməsi nə qədər uzansa, bu öhdəliklər bir o qədər böyüyəcək. Əgər razılaşdırılmış çərçivələr ləğv olunarsa və sərmayələr və alışlar geri ödənməli olarsa, iqtisadi nəticələr fəlakətli olacaq.”
Trampın qanuni səlahiyyətini aşması ilə bağlı qərar
Nyu-Yorkdakı ABŞ Beynəlxalq Ticarət Məhkəməsi may ayında Trampın digər ölkələrə tətbiq etdiyi tariflərdə qanuni səlahiyyətini aşdığına qərar verərək, bu tariflərin tətbiqinə icazə verməmişdi. Məhkəmə qərarında Konstitusiyanın ticarəti tənzimləmə və vergi qoyma səlahiyyətinin yalnız Konqresə aid olduğu bildirilib.
ABŞ administrasiyası qərara etiraz etmiş və apellyasiya prosesində qərarın tətbiqi müvəqqəti dayandırılmışdı.
Ötən ay ABŞ Federal Apellyasiya Məhkəməsi Trampın qlobal gömrük rüsumlarının əksərini qanunsuz hesab etmişdi. Lakin məhkəmə, bu qərarın rüsumları dərhal ləğv edən hissəsini rədd edərək, mümkün apellyasiya prosesini nəzərə alaraq gömrük rüsumlarının oktyabrın 14-nə qədər qüvvədə qalmasına icazə vermişdi.
Tramp administrasiyası keçən həftə Ali Məhkəməyə müraciət edərək qərarın tez bir zamanda ləğv edilməsini tələb etmişdi.