İcra heyətinin rəhbəri Tim Kuk təqdimat zamanı, “iPhone Air oyunun qaydalarını tamamilə dəyişəcək” dedi.
Daha incə modelin hər iki tərəfində də keramik örtük var və bu da cihazın daha davamlı olmasını təmin edir. Şirkət modelin 5,6 millimetr qalınlığında və “qeyri-adi yüngül” olduğunu bildirdi. “Apple”ın rəqibi “Samsung Electronics Co.” bu ilin əvvəlində öz incə modelini – “Galaxy S25 Edge” – təqdim etsə də, həmin cihazın qalınlığı 5,8 millimetrdir.
Adını “Apple”ın mövcud noutbuk və “iPad” modellərindən alan “Air”, “Bluetooth” və “Wi-Fi” üçün şirkət daxili çipdən istifadə edir. Həmçinin, daha əvvəl “iPhone 16e”də görünən “Apple” dizaynlı modemin daha sürətli versiyası da mövcuddur.
“Apple”ın yeni “Pro” modeli isə yeni alüminium dizayna və istiliyi azaltmaq üçün hazırlanmış sistemə malikdir. Şirkət, performansının “iPhone 16 Pro”dan 40% daha yüksək olduğunu açıqladı. “Air” kimi, “Pro”nun da hər iki tərəfində keramik qalxan var.
Təqdimatda verilən məlumata görə, şirkətin yeni simsiz qulaqlığı “AirPods Pro 3”, səs-küyü azaltma, idman zamanı nəbz ölçmə, daha uzun batareya ömrü kimi xüsusiyyətlərlə gələcək.
Süni intellekt dəstəyi ilə xarici dildəki danışığı real vaxtda tərcümə edə biləcək qulaqlıq 249 dollardan satışa çıxarılacaq.
“Apple Watch” təzyiqi izləyəcək
“Apple”ın yeni ağıllı saatlarından “Watch Series 11”, 24 saata qədər batareya ömrünə malik olacaq və yüksək təzyiq xəstələrini izləyə biləcək.
Təqdim olunan digər saat “Watch SE 3” də əvvəlki nəsilə görə daha inkişaf etmiş sağlamlıq funksiyaları təqdim edəcək. “S10” çipə sahib olacaq ağıllı saat, ağıllı şəxsi köməkçi “Siri” və sürətli enerji yığma xüsusiyyətlərini dəstəkləyəcək.
Yeni saatların ən inkişaf etmişi olan “Watch Ultra 3” isə genişləndirilmiş sağlamlıq, fitnes, təhlükəsizlik və bağlantı imkanları ilə gələcək. 42 saata qədər batareya ömrünə sahib olacaq saat, xroniki yüksək təzyiq əlamətləri aşkar etdikdə bildiriş göndərəcək.
“Apple Watch SE 3” 249 dollardan, “Watch Series 11” 399 dollardan, “Watch Ultra 3” isə 799 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.
“Apple”ın təqdim etdiyi yeni ağıllı saat və simsiz qulaqlıq üçün 50-dən çox ölkədə bu gündən etibarən əvvəlcədən sifariş verilə biləcək.
“iPhone 17” səkkiz saat daha çox video oynadacaq
“Apple”ın yeni ağıllı telefonu “iPhone 17” də süni intellekt funksiyalarını dəstəkləyəcək. Sürətli enerji yığma funksiyasına malik olacaq “iPhone 17”, təkmilləşdirilmiş batareya ömrü ilə əvvəlki modelə görə 8 saat daha çox video oynada biləcək.
Daha böyük ekranı və incə çərçivəsi olan “iPhone 17”, 256 giqabaytdan başlayan yaddaş tutumu ilə qara, lavanda, sis mavisi, adaçayı və ağ rənglərdə satışa çıxarılacaq.
Yeni təqdim olunan “iPhone Air” modeli, “Apple”ın indiyədək ən incə ağıllı telefonu olacaq. Daha incə və yüngül olmasına baxmayaraq, “iPhone Air”in batareya ömrü bütün gün üçün kifayət edəcək.
“iPhone 17 Pro” ilə “iPhone 17 Pro Max”, şirkətin ağıllı telefonları arasında indiyədək ən yüksək performansı, kamera sistemlərini və batareya ömrünü təqdim edəcək.
Başlanğıc qiyməti “iPhone 17” üçün 799 dollar, “iPhone Air” üçün 999 dollar, “iPhone 17 Pro” üçün 1099 dollar və “iPhone 17 Pro Max” üçün 1199 dollar olacaq.
“Apple”ın təqdim etdiyi yeni ağıllı telefonlar üçün, aralarında Azərbaycanın da olduğu 60-dan çox ölkədə cümə günündən etibarən əvvəlcədən sifariş verilə biləcək.
Şirkət yeni məhsullarını 19 sentyabrda bazara çıxaracaq.
“Apple” “Pro” modelinə 100 dollar bahalaşma
Şirkət builki “Pro” ağıllı telefon modelini daha çox daxili yaddaşla birlikdə çıxararkən, həmin modelin satış qiymətinin 1099 dollardan başlaması diqqət çəkdi.
Tariflər və digər geosiyasi çətinliklər səbəbindən “Apple”ın bu gün təqdim etdiyi məhsulların qiymətində artım gözlənilirdi. Şirkət, ötən il sentyabrda təqdim etdiyi “iPhone 16 Pro”nu 999 dollar başlanğıc qiyməti ilə bazara çıxarmışdı.
Yeni təqdim etdiyi saatlar və qulaqlıq üçün başlanğıc qiyməti dəyişməyən “Apple”, “Plus” ağıllı telefonunun istehsalını da dayandırdı.