Qlobal bazarlar ABŞ məlumatları öncəsi ehtiyatlı görünür. “Wall Street” cümə axşamı açıqlanacaq ABŞ istehlakçı inflyasiyası məlumatları öncəsi diqqətli davranır. ABŞ-ın Əmək Statistikaları Bürosu mart ayına qədərki dövr üzrə məşğulluq artımı göstəricisinin rekord səviyyədə aşağı salınmasına işarə edib. Bu, hər nə qədər FED-in faiz endirimi gözləntilərini dəstəkləsə də, istiqrazlarda dəyər itkiləri müşahidə olunub.
Dörd günlük artımdan sonra ABŞ istiqrazları enişə keçib, 2 illiklərin gəlirliliyi isə 2022-ci ildən bəri ən aşağı səviyyələrdən 7 baza bəndi yüksəlib.
“S&P 500” indeksindəki əksər səhmlər eniş göstərsə də, “Apple Inc.” istisna olmaqla bütün böyük texnologiya şirkətlərinin gəlirləri hesabına indeks tarixi maksimuma yüksəlib. Daha incə “Air” dizaynına malik “iPhone 17” seriyasını təqdim edən “Apple” isə 1,5% dəyər itirib.
İsrailin Qətərdəki “HƏMAS” terror təşkilatının rəhbərliyinə hücumunun ardınca neft qiymətləri təchizat riskləri səbəbilə bahalaşıb. ABŞ xam neftinin barel qiyməti 1% artaraq 63,2 dollara, “Brent” nefti isə 0,9% qalxaraq 67 dollara çatıb.
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin aparıcı tədqiqatçısı Keren Yanq bildirib ki, iyunda İsrail ilə İran arasında hərbi toqquşmaya neftin zəif reaksiya verməsi, çərşənbə axşamı müşahidə olunan yüksəlişin də qalıcı olmayacağına işarədir: “Birbaşa neft infrastrukturunu və ya daşınmasını hədəf alan vəziyyət olmadıqca, regional münaqişə riskini neft qiymətlərindən böyük ölçüdə ayırmışıq”.
Faiz gəliri olmadığı üçün yumşaq pul siyasəti dövrlərində qazanc gətirən qızıl, FED-in faiz endirəcəyi gözləntiləri ilə rekord vurub.
ABŞ və Avropa fyuçers indeksləri yükəlişdə qalır. Asiya birjaları texnologiya səhmlərinin yenidən yüksəlişə keçməsi və FED-in məşğulluqdakı itkiləri cilovlamaq üçün faiz endirəcəyinə dair gözləntilərlə bahalaşıb. “MSCI Asiya-Sakit okean” indeksi ardıcıl beşinci gündə də qalxıb və 2021-ci ildəki rekordunun 2% altında qalıb.
ABŞ Prezidenti Donald Tramp Avropa rəsmilərinə bildirib ki, Rusiya lideri Vladimir Putinə təzyiq göstərmək üçün Hindistan və Çinə geniş miqyaslı gömrük tarifləri tətbiq edəcək, lakin bunun üçün Avropa Birliyinin də eyni addımı atması zəruridir.
“Financial Times”ın xəbərinə görə, Tramp bloka 100%-ə qədər rüsumlar tətbiq etməsi üçün təzyiq göstərir. ABŞ Prezidenti daha sonra paylaşımında yaxın həftələrdə “yaxşı dostu” Narendra Modi ilə görüşməyi səbirsizliklə gözlədiyini yazıb.