Vaxt.Az

Putin NATO-nu sınayır


 

Polşaya hücuma cavab almasa, növbəti addım Baltik sahilləri olacaq

Putin NATO-nu sınayır Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi fonunda özünü “sülhpərvər” kimi göstərmək üçün tez-tez eyni fikir təkrarlayır: “Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur. Qərb ölkələrində belə düşünənlər varsa, ağıllarını itiriblər”. Kreml sahibi bu günə qədər o qədər yalan danışıb ki, bu da onlardan biridir. Putinin əmri olmasaydı, Rusiya dronları NATO üzvü olan Polşanın hava sahəsinə daxil olmazdı. Pilotsuz uçuş aparatları (PUA) Polşanın hava sahəsində daxil olmaq üçün Ukraynanın qərb bölgələrindən keçib. Müharibə Ukraynanın şərqində gedir, Rusiya PUA-ları isə cəbhə bölgəsindən min kilometrlərlə məsafə qət ediblər.

Putin ABŞ Prezidenti Donald Trampı yalandan tərifləməklə məşğuldur, reallıqda isə o Ağ Ev sahibinin imicinə zərbələr vurmaqda davam edir. Prezidentlərin Alyaska görüşündən sonra Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi genişlənib, paytaxt Kiyev bombalanır, mülki insanlar həlak olurlar. Putin Polşanı hədəf seçməklə NATO-nun və Vaşinqtonun nəbzini yoxlayır. Vaşinqton və Brüssel əməli tədbirlər görməyəcəkləri halda Polşadan sonra Rusiya PUA-ları digər NATO üzvləri olan Baltik ölkələri, o cümlədən Finlandiyanın hava sahəsində də görünəcək.

 





10.09.2025    çap et  çap et