NATO üzvü Polşada, Rusiya-Ukrayna müharibəsinə aid xəbərdarlıq vəziyyəti hələ də qüvvədədir.
Rusiya Ukraynaya hava hücumları həyata keçirdikdən sonra, Polşa öz və NATO hava müdafiə sistemlərini işə salaraq hava məkanına daxil olan dronları vurdu.
Varşava bu pozuntunu hücum aktı kimi qiymətləndirdi və qonşu ölkədəki münaqişəyə ilk dəfə birbaşa müdaxilə etdi.
“Polstat News” telekanalının məlumatına görə, ölkənin qərbindəki Viriki bölgəsinə PUA düşüb. Hücumda heç kim xəsarət almayıb.
Polşa prokuroru bildirib ki, Zamosc rayonunun Çesniki kəndindəki qəbiristanlıq yaxınlığında PUA qalıqları tapılıb.
Baş nazir Tuskun açıqlaması
Polşa Baş naziri Donald Tusk ilk açıqlamasında əməliyyatların davam etdiyini
və NATO Baş Katibi Mark Rutte ilə daimi əlaqədə olduqlarını bildirdi. Sonrakı
açıqlamasında Tusk deyib:
“Dünən gecə Polşanın hava məkanına çox sayda Rusiya pilotsuz uçan aparatı daxil
oldu. Birbaşa təhdid yaradan bu PUA-lar vuruldu.”
Uçuşlarda pozuntular
Polşanın ən böyük hava limanı olan Çopin Hava Limanı hərbi əməliyyatlar səbəbindən müvəqqəti bağlanıb. Daha sonra yenidən açılıb, uçuşlarda gecikmə və ya ləğv ola biləcəyi bildirilib.
Polşa Silahlı Qüvvələri, Ukraynanın qərbinə qarşı Rusiya hücumları zamanı PUA-ların Polşa hava məkanını dəfələrlə pozduğunu bildirib. Radarlar 10-dan çox obyekti izləyib. Ordu, təhdid yaradan obyektlərin “effektivləşdirildiyini” və bəzi PUA-ların vurulduğunu açıqlayıb.
Polşa ordusu Podlaskie, Mazovieki və Lublin
bölgələrində yaşayanlar üçün evdə qalma çağırışı edib və bildirib:
“Bu, vətəndaşlarımız üçün real təhlükə yaradan bir hücum aktıdır.” Daha sonra
Polşa əməliyyatların sona çatdığını açıqlayıb.
Zelenski Avropanı cavab verməyə çağırdı
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya gecə boyunca 415 dron və 40 raket buraxıb.
Zelenski vurğulayıb ki, ən azı 8 Rusiya dronu
Polşaya istiqamətlənib və əlavə edib:
“Bu, Avropa üçün təhlükəli bir presedent yaradır.” O, müttəfiqləri güclü cavab
verməyə çağırıb.
“Putin qərarlılığımızı sınayır”
ABŞ-dan Demokrat senator Dik Durbin NATO hava məkanının Rusiya dronları tərəfindən pozulmasına dair açıqlamasında Rusiya Prezidenti Vladimir Putini işarə edərək deyib: “Bu, Polşa və Baltik ölkələrini qorumaq üzrə qərarlılığımızı sınayır”.
Polşa, 2022-ci ildə Rusiya Ukraynanı işğal etdikdən bir neçə ay sonra, Ukraynadan gələn raketin ölkənin cənubunda bir kəndi vuraraq iki nəfərin ölümünə səbəb olmasından bəri hava məkanına daxil olan obyektlərə qarşı yüksək xəbərdarlıq vəziyyətindədir. Bununla belə, Polşa və ya müttəfiq müdafiə sistemlərinin PUA-ları məhv etməsi barədə əvvəlki məlumat yoxdur.
“Zapad” təlimatları narahatlığı artırır
Polşa bildirib ki, Rusiya-Belarus hərbi təlimləri səbəbindən sabah gecə yarısı Belarus sərhədini bağlayacaq. “Zapad” (Qərb) təlimləri kimi tanınan Rusiya və Belarusun böyükmiqyaslı hərbi təlimləri qonşu NATO ölkələri Polşa, Litva və Latviya arasında təhlükəsizlik narahatlığını artırıb.
Litva bildirib ki, təlimlər səbəbindən Belarus və Rusiya sərhədində müdafiəsini gücləndirəcək.