Vaxt.Az

100 avro cərimə


 

İspaniyada uşaqları siqaret çəkən valideynlər cəzalandırılacaq

100 avro cərimə İspaniyada Nazirlər Kabinetində qəbul edilən və müzakirə olunmaq üçün Parlamentə göndərilən “tütün qanun layihəsi” terraslarda siqaret çəkilməsini və yetkinlik yaşına çatmayanların siqaret istifadə etməsini qadağan edir, həmçinin elektron siqaret istifadəsini də məhdudlaşdırır.

Layihədə, İspaniyada ilk dəfə olaraq yetkinlik yaşına çatmayan şəxslərin siqaret istifadəsi qadağan edilir və uşaqlarının siqaret çəkməsinə nəzarət etməyən valideynlər üçün 100 avroya qədər pul cəriməsi nəzərdə tutulur.

İspaniyada, Avropa Birliyi ölkələrində olduğu kimi, 18 yaşdan kiçik şəxslərə siqaret satışı artıq qadağan olsa da, uşaqların siqaret istifadəsinə qarşı indiyə qədər heç bir hüquqi tənzimləmə mövcud deyildi.

Səhiyyə naziri Monica Garcia qanun layihəsi ilə bağlı mətbuat açıqlamasında, “İspaniyanı tütünlə mübarizədə yenidən ön sıralara daşıyan bir qanun hazırladıq. 2005-ci ildə qapalı məkanlarda siqaret çəkilməsinin qadağan edilməsi ilə öncülük etdik, 2010-cu ildə isə bar və restoranlarda siqaret çəkmək qadağan edildi. Lakin zaman dəyişdi və yeni hüquqi dəyişikliklər lazım oldu. Yeni məhsullar ortaya çıxdı və yeni ictimai səhiyyə tələbləri yarandı. Tütün hər gün 140, ildə isə 50 min insanın həyatına son qoyur. Xərçənglərin 30%-i siqaretin risk faktoru ilə əlaqəlidir”, – deyib.

Digər tərəfdən, hazırda 20-dən çox ölkədə tətbiq edilən düz paketləmə (bütün paketlərin eyni olması, marka loqotiplərinin olmaması və eyni şriftlə çap olunması) tətbiqi uzun müzakirələrə baxmayaraq qanun layihəsinə daxil edilməyib.

Statistikaya görə, İspaniyada ötən il siqaret satışları, qapalı məkanlarda siqaret çəkilməsini qadağan edən ilk qanunun qəbul edildiyi 2005-ci illə müqayisədə 53,8% azalaraq 2 milyard 143 milyon paket olub.

Hazırda İspaniyada 20 ədədlik siqaret paketi 5-8 avroya satılır.

 





10.09.2025    çap et  çap et