Avstraliya Müdafiə Nazirliyindən bildirilib ki, “Ghost Shark” adlanan avtonom sualtı gəmilərin donanmaya təchizatı üçün müdafiə texnologiyaları şirkəti “Anduril Australia” ilə müqavilə imzalanıb.
Açıqlamada qeyd olunub ki, 1,1 milyard dollar dəyərində olan 5 illik müqavilə çərçivəsində şirkət “Ghost Shark”ların təhvil verilməsi, texniki xidmət və inkişafını həyata keçirəcək.
Kəşfiyyat, müşahidə, izləmə və hücum əməliyyatlarını uzaq məsafədən həyata keçirmək üçün nəzərdə tutulan Avstraliya istehsalı sualtı gəmilər ölkənin döyüş qabiliyyətini artıracaq.
Avstraliya Baş nazir müavini və Müdafiə naziri Riçard Marles açıqlamasında, ““Ghost Shark” gələcək beş il ərzində getdikcə mürəkkəbləşən strateji mühitdə ehtiyac duyulan kəşfiyyat, müşahidə və hücum qabiliyyətlərini təmin edəcək”, – deyib