Vaxt.Az

“Bizə qarşı 1200 raket tuşlanıb”


 

Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”

“Bizə qarşı 1200 raket tuşlanıb” Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, ABŞ Karib dənizində, Venesuelaya yaxın sulara 8 döyüş gəmisini yerləşdirərək misli görünməmiş hərbi fəallıq nümayiş etdirir.

Maduro, Rusiyanın “RT” kanalına verdiyi müsahibədə, “Karib dənizində misli görünməmiş hərbi fəallıq var. Nüvə sualtı gəmiləri yerləşdirilib və bizə qarşı 1200 raket mövcuddur. Pentaqonun rəhbəri Puerto Rikoya gəlib. Puerto Riko valisi bölgədə Venesuelaya qarşı hərəkət üçün hərbi baza olduğunu bildirib. Puerto Riko bu plana daxil edilib”, – deyib.

Maduro ABŞ-ın dünyada siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu təmin etmək məqsədilə müharibə planı olduğunu iddia edib: “Bunu həyata keçirməsi mümkün deyil. Artıq çoxqütblü dünya reallığı mövcuddur”.

O həmçinin əlavə edib ki, Vaşinqton xalqını Cənubi Amerikada müharibəyə sürükləmək istəyir və ABŞ rəhbərliyinin gözü Venesuela nefti və qızılındadır.

Maduro keçmiş Roma Papası Fransislə aralarında baş vermiş söhbəti xatırladaraq, “Papa bunu iki ildən çox əvvəl demişdi: “Üçüncü dünya müharibəsinə gedirik demirəm, üçüncü dünya müharibəsi artıq başlayıb”. Mən də belə düşünürəm”, – deyib

Dövlət başçısı iddia edib ki, bütün Cənubi Amerika və dünya üzrə narkotik ticarətini ABŞ idarə edir və həqiqi mafiya qrupları ilə kartellər ABŞ-da yerləşir.

 

Karib dənizindəki hərəkətlilik

 

ABŞ Prezidenti Donald Trump əvvəllər imzaladığı fərmanla Latın Amerikası əsilli narkotik kartellərinə qarşı ordunun daha geniş və effektiv istifadəsini əmr etmişdi.

Bu çərçivədə ABŞ avqust ayının sonlarında Venesuela sahillərinə “USS Gravely”, “USS Jason Dunham” və “USS Sampson” adlı döyüş gəmilərini göndərmişdi.

Venesuela Prezidenti Maduro isə ölkədə 4,5 milyon nəfərlik milis qüvvəsini səfərbər etdiyini və “hər hansı hücumu dəf etməyə” hazır olduğunu açıqlamışdı.

ABŞ Müdafiə Naziri Pit Heqset isə ABŞ ordusunun Venesuelada rejim dəyişikliyi əməliyyatına hazır olduğunu bildirmişdi.

 





10.09.2025    çap et  çap et