Vaxt.Az

Makron əleyhdarları küçələri qarışdırdı


 

Fransada “Hər şeyi dayandır!” etirazları başladı

Makron əleyhdarları küçələri qarışdırdı Fransa, günə Prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətinə etiraz edilən aksiyalarla başladı. Ölkədə aylardır sosial media platformalarında “Hər şeyi dayandıraq” şüarı ilə edilən çağırışların nəticəsində ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirilir.

Makronun sosial-iqtisadi siyasətinə etiraz edən nümayişçilər paytaxt Paris, Lion və Ren kimi şəhərlərdə səhər saatlarından etibarən yol hərəkətinin dayanması və avtobusların yola çıxmasının qarşısını almaq üçün müxtəlif təşəbbüslər həyata keçirirlər.

Milli mətbuatın xəbərinə görə, Ren şəhərinin cənubu və şimalındakı ətraf yolunda toplaşan yüzlərlə nümayişçi, yol hərəkətini dayandırmaq məqsədilə yollara baryer quraşdırıb.

Şəhərin şimalında etirazçılar baryerləri yandırıb. Təhlükəsizlik qüvvələri həmin nöqtədəki nümayişçiləri bölgədən uzaqlaşdıraraq, dayanan yol hərəkətinin açılmasını təmin edib.

Rendə həmçinin Alma Körpüsünün altında bir avtobus yandırılıb.

Ölkənin ən böyük şəhərlərindən Lionda nümayişçilər tramvay yoluna zibil qutuları qoyub və onları yandırıblar.

Şəhərdə əsas magistral yolun dayanmasına səbəb olan aksiyalar həyata keçirilərkən, Lyon-1 Universitetinin qarşısında da baryerlər qurulub.

Ölkədəki nümayişlərdə, 75-i paytaxt Parisdə olmaqla, ümumilikdə 85 nəfər həbs edilib.

Sosial mediada yayılan görüntülərə görə, polis Parisdə kütləvi nəqliyyatda istifadə olunan avtobusların yola çıxmasını əngəlləmək istəyən nümayişçilərin toplandığı avtobus terminalı qarşısında növbə çəkir.

Polis qüvvələri, Parisin ətraf yolunda Montreuil Qapısı yaxınlığında yol hərəkətinin dayanmasını əngəlləmək üçün yola çıxan nümayişçiləri bibər qazı ilə uzaqlaşdırmağa çalışıb.

Paytaxtın müxtəlif bölgələrində bəzi lisey şagirdləri də məktəblərinin girişlərinin önündə zibil qutuları ilə baryerlər qurublar.

Ölkə üzrə 100 min nəfərin iştirak etməsi gözlənilən nümayişlərin gün boyu davam edəcəyi bildirilib.

 





10.09.2025    çap et  çap et