Makronun sosial-iqtisadi siyasətinə qarşı çıxan nümayişçilər paytaxt Paris ilə Lion və Ren şəhərlərində səhər erkən saatlardan bəri trafikin dayandırılması və avtobusların hərəkətinin əngəllənməsi üçün müxtəlif təşəbbüslər göstərirlər.
Yerli mətbuata görə, Ren şəhərinin cənubu və şimalındakı ətraf yolunda toplaşan yüzlərlə nümayişçi yol hərəkətini dayandırmaq üçün yollara barrikadalar qurub.
Şəhərin şimalındakı nümayişçilər barrikadaları yandırıb. Təhlükəsizlik qüvvələri bu nöqtədəki nümayişçiləri ərazidən uzaqlaşdıraraq bir müddət pozulan yol hərəkəti yenidən açıb.
Ölkənin ən böyük şəhərlərindən Lion şəhərində isə nümayişçilər tramvay yoluna tullantı qabları qoyub və onları yandırıblar.
“Lion-1” Universitetinin önündə də barrikadalar qurulub.
Ölkədəki nümayişlərdə 75-i paytaxt Parisdə olmaqla ümumilikdə 85 nəfər saxlanılıb.
Sosial mediaya düşən görüntülərə görə, polis Parisdə ictimai nəqliyyatda istifadə olunan avtobusların hərəkətini əngəlləmək istəyən nümayişçilərin olduğu avtobus terminalının önündə növbətçilik edir.
Polis qüvvələri, Parisin ətraf yolunda Montreil Qapısı ərazisində yolun bağlanmasının qarşısını almaq üçün yola çıxan nümayişçiləri bibər qazı ilə uzaqlaşdırmağa çalışdı.
Paytaxtın müxtəlif bölgələrində bəzi lisey şagirdləri də məktəblərinin girişlərini tullantı qutuları ilə barrikadalarla bağlayıb.
Ölkə üzrə 100 min nəfərin iştirak edəcəyi gözlənilən nümayişlərin gün boyu davam etməsi planlaşdırılır.
Ölkə üzrə müxtəlif şəhərlərdəki etirazlarda təxminən 200 nəfər saxlanılıb.
Paytaxt Parisdə yüzlərlə nümayişçi Şimal Dəmir Yolu stansiyasının ətrafında toplaşarkən, ərazidə çoxlu polis qüvvəsi və yük maşınları görünüb.
Polis, stansiyaya daxil olmaq istəyən nümayişçilərə bibər qazı və dəyənəklə müdaxilə edir.
“10 Sentyabrda tarix yazırıq” yazılı pankart daşıyan nümayişçilər “Makron istəməsə də işçilərin şərəfi və daha yaxşı dünya üçün buradayıq” şüarlarını səsləndiriblər.
Etirazlara qatılan, soyadını vermək istəməyən Alis adlı şagird bildirib ki, “Sarı jiletlər” hərəkatı başladığında yaşı çox kiçik olduğundan etirazlara qatılmayıb.
Alis əlavə edib ki, kəmər sıxma siyasətinə və Sebastyen Lekornunun baş nazir təyin olunmasına etiraz edirlər: “Etiraz etməliyik, razı olmadığımızı göstərməliyik. Bunun vacib olduğunu düşünürəm”.
Parisdə yaşayan nümayişçi Culi isə hökumətdən bezdiyi üçün etirazlara qatıldığını bildirib: “İndi nə etməli olduğumuzu bilmirik”.
Culi əlavə edib ki, səs verdikdə onların fikirləri nəzərə alınmır, onlar dinc yollarla öz sözlərini çatdırmaq istəyirlər.
Culi həmçinin hökumətin getdikcə “sağa meylli və irqçi” olduğunu bildirərək, “İndi belə açıq şəkildə irqçi və əməkçi təbəqəyə qarşı təhqiramiz danışmaq mümkün deyil”, – deyib.
Ölkə üzrə fərqli şəhərlərdə məktəb girişlərini və yolları bağlama aksiyaları davam edərkən, günortadan sonra böyük şəhərlərdə yürüşlərin təşkil olunması planlaşdırılır.
Bu həftə istefa verən Fransua Bayru hökumətinin Daxili İşlər Naziri Bruno Retayo mətbuata açıqlamasında bildirib ki, etirazlarda indiyədək təxminən 200 nəfər saxlanılıb.
Bununla yanaşı, ölkənin ikinci böyük şəhəri Marsel şəhərində də minlərlə insanın iştirakı ilə və “Makron, istefa!” şüarları ilə yürüşlər başlandı.
“Confederation Paysanne” kənd təsərrüfatı şirkətinin “X” sosial media platformasında paylaşdığı məlumatda bildirilir ki, Ot-diqeyyan vilayətində etiraz edən fermerlər avtomagistralı durdurmaq üçün traktorlarından ibarət konvoy təşkil ediblər.
Sosial mediaya düşən görüntülərə görə, nümayişçilər Şamberi şəhərinin mərkəzindəki döngə ətrafında velosiped sürərək yol hərəkətini yavaşladıb.
Polis qüvvələri, Parisin 20-ci bölgəsindəki Alan-Buşe Liseyinin girişini bağlayan nümayişçilərə bibər qazı ilə müdaxilə edib.
Hadisə yerində yaşanan və sosial mediaya düşən qarışıqlıqda nümayişçilər polislərə tullantı qabları və müxtəlif əşyalar atıblar.