Pakistan Pəncab Fəlakət İdarəsi rəsmisi Nabil Caved bildirib ki, əyalətin Calalpur Pirvala bölgəsi yaxınlığında təxminən 142 min nəfər sellərdən təsirlənib.
Ordu dəstəyi ilə fəaliyyət göstərən axtarış-xilasetmə qruplarının, ağaclarda və damlarda qalmış minlərlə yerli sakini qayıqlar vasitəsilə təxliyə etdiyi bildirilib. Caved vurğulayıb ki, çaylarda sürətlə yüksələn su səviyyələri işləri daha da çətinləşdirir.
Pəncab Fəlakət İdarəsinin açıqlamasına görə, avqustun 23-dən bəri əyalətdə 4 mindən çox kənd su altında qalıb, 4,2 milyondan çox nəfər sellərdən zərər görüb və təxminən 2,1 milyon nəfər məcburi köçkün vəziyyətinə düşüb.
Bundan başqa, cənub-şərqdəki Sind əyalətindən rəsmilər bildiriblər ki, şiddətli yağışlar səbəbindən əyalətin paytaxtı Karaçidə küçələr su altında qalıb.
Rəsmi şəxslər əlavə ediblər ki, daşan çaylardan gələn suların bu həftə bölgəyə çatacağı gözlənilir və bu, əyalət üzrə daha çox zərərə səbəb ola bilər.
Cənubi Asiyada iyun-sentyabr aylarında baş verən musson yağışları Hindistan və Pakistan daxil olmaqla bölgə ölkələrində hər il böyük təbii fəlakətlərə və qəzalarına yol açır.
Pakistan Milli Fəlakət İdarəsi bildirib ki, iyunun sonlarından başlayan şiddətli yağışlarda indiyədək 900-dən çox insan həyatını itirib.
Tarixdə ilk dəfə olaraq ölkənin şərqindəki Çenab, Ravi və Sutlej çaylarının eyni zamanda daşdığı, minlərlə kəndin su altında qaldığı və milyonlarla insanın təsirləndiyi qeyd olunub.
Rəsmi şəxslər bildiriblər ki, sellər 2022-ci ildə 1 700-dən çox insanın ölümünə səbəb olan, ölkənin üçdə birini su altında qoyan və 32 milyard dollarlıq ziyan vurmuş fəlakətdən sonra ən böyük təbii hadisədir.