ABŞ mərkəzli texnologiya şirkəti “Oracle”, dünən Nyu-York birjası bağlandıqdan sonra rüblük nəticələrini açıqladı. Gözləntilərin üzərində gələn bu nəticələr və daha çox böyümə olacağına dair açıqlama şirkətin qurucusu Lerri Ellisonun sərvətinə 70 milyard dollar əlavə etdi.
“Bloomberg” Milyarderlər İndeksinə görə, 81 yaşlı Ellisonun sərvəti bu artımla 364 milyard dollara çatdı. Beləliklə, Ellison 384 milyard dollarlıq sərvəti ilə siyahının zirvəsində yer alan Maska xeyli yaxınlaşdı. Əgər Ellisonun qazancı bu gün bazar açılışında da qorunsa, bu, indeks tarixində ən böyük birgünlük artım kimi qeydə alınacaq.
Mask ilk dəfə 2021-ci ildə dünyanın ən zəngini olmuş daha sonra “Amazon”un qurucusu Ceff Bezos və “LVMH”nin rəhbəri Bernar Arnoya kreslosunu itirmişdi. Mask ötən il titulunu geri almış və o vaxtdan bəri siyahının başında yer alır.
“Oracle” səhmləri çərşənbə axşamı bağlanışa qədər ilin əvvəlindən bəri artıq 45% yüksəlmişdi. Lakin şirkətin rezervasiyalarda ciddi artım açıqlaması və bulud infrastrukturuna yönəlik aqressiv böyümə proqnozu ilə səhmlər iş saatlarından sonrakı əməliyyatlarda 26%-dən çox sıçradı. Bu, şirkət üçün 1999-cu ildən bəri müşahidə edilən ən böyük gündəlik yüksəliş oldu.
Maskın şirkəti “Tesla”nın səhmləri isə bu il 14% dəyər itirib.