Təhlükəli bakteriya şübhəsi ilə geri çağırılan “Wiltmann” markasına aid dana kolbasa məhsullarının istifadə olunmaması tövsiyə edilir.
Geri çağırma, L2521100010 partiya nömrəsinə malik və 01.10.2025 son istifadə tarixi olan paketləri əhatə edir. Digər partiya nömrələri istifadəyə yararlı sayılır.
Geri çağırmanın səbəbi
Aparılan yoxlamalarda həmin salamda təhlükəli xəstəlik törədici bakteriyalar aşkarlanıb. Rəsmi açıqlamalarda bakteriyanın adı göstərilməsə də, qida təhlükəsizliyi mütəxəssisləri EHEC tipli mikroorqanizmlərin şübhəli olduğunu bildirirlər. Bu növ bakteriyalar ciddi mədə-bağırsaq infeksiyalarına səbəb ola bilər.
Məhsul istehlak olunduğu halda aşağıdakı əlamətlər müşahidə oluna bilər:
Güclü qarın ağrıları
Qanlı ishal
Mədə-bağırsaq sistemi pozuntuları
Xüsusilə körpələr, kiçik uşaqlar, yaşlılar və immun sistemi zəif şəxslərdə bu əlamətlər ağır keçə bilər. Ciddi hallarda isə kəskin böyrək çatışmazlığının inkişaf edə biləcəyi bildirilir.
İstehlakçılar nə etməlidir?
Rəsmi qurumlar, istehlakçılardan məhsulu qətiyyən yeməməyi tələb edir. Paket alış-veriş qəbzi olmadan alındığı marketə qaytarıla və pul geri alına bilər. Geri çağırma başda “Lidl”, “Edeka”, “Kaufland” və “Hit” olmaqla bir çox market şəbəkəsini əhatə edir. Bəzi mənbələrə görə, “Rewe” və “Globus” kimi şəbəkələrdə də bu məhsul satıla bilər.
Əgər göstərilən partiyaya aid salamı yemisinizsə və mədə-bağırsaq şikayətləri yaşayırsaınız, dərhal tibb müəssisəsinə müraciət etməniz tövsiyə olunur.
Daha əvvəl də yaşanmışdı
Avqust ayında eyni markaya aid 70 qramlıq salam paketlərində də oxşar bakteriyalar tapılmış və həmin məhsullar da geri çağırılmışdı.
Bu vəziyyət istehsalçı şirkətin qida təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurmasına səbəb olub.