Macarıstan Baş naziri Viktor Orban, Rusiya mənşəli pilotsuz uçuş aparatlarının (SİHA) Polşa hava məkanını pozmasının ardından Polşaya həmrəylik mesajı göndərdi. Lakin bu açıqlama, Polşa Xarici İşlər naziri Radoslav Sikorski tərəfindən sərt etirazla qarşılandı.
Orban, “X” sosial media platformasında paylaşımında, “Macarıstan Polşa ilə tam həmrəydir. Polşanın ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Bu hadisə, Rusiya-Ukrayna müharibəsində sülh çağırışımızın məntiqli və əsaslı olduğunu göstərir. Müharibənin kölgəsində yaşamaq risklərlə doludur. Artıq bu müharibəni dayandırmaq vaxtıdır! Bu məqsədlə sülh üçün səylər göstərən Prezident Donald Trumpı dəstəkləyirik”, – yazıb.
Polşa, pilotsuz uçuş aparatlarının (PUA) hava məkanına daxil olmasının ardından müttəfiqlərlə fövqəladə məsləhətləşmə üçün NATO-nun 4-cü maddəsini işə salmağı tələb etdi. Hadisə, Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri Polşa hava məkanına edilən ən ciddi pozuntu hesab olunur. PUA-ların qalıqları Belarus sərhədinə yaxın ərazilərdə tapıldı.
Orbanın mesajı son illərdə diplomatik münasibətlərin ən aşağı səviyyəyə endiyi Macarıstan–Polşa əlaqələrində istisna hesab edildi. Varşava qısa müddət əvvəl Budapeştdən səfirini geri çağırmışdı. Gərginliyin səbəbi, Macarıstanın korrupsiya ittihamı ilə axtarılan keçmiş Polşa ədliyyə nazirinin müavini Marsin Romanovskiyə siyasi sığınacaq verməsi və Macarıstanın AB daxilində Ukraynaya yardıma qarşı çıxması, eləcə də Kiyevin üzvlük prosesini əngəlləməsi olmuşdu.
Polşa hökuməti isə Orbanın mesajını müsbət qarşılamadı. Xarici İşlər naziri Sikorski “X”də Orbana, “Xeyr, Viktor. Bu hadisə göstərir ki, artıq tərəfsiz qala bilməzsən və Rusiyanın təcavüzünü qınamalısan. Müdafiə üçün AB fondlarını sərbəst buraxmalı, təcavüzkara qarşı daha sərt sanksiyaları təsdiqləməli və Ukraynanın üzvlük danışıqlarına veto hüququnu geri çəkməlisən”, – cavabını verib.
Digər tərəfdən, Macarıstan Xarici İşlər naziri Peter Siyyarto bu gün Belarusda apardığı görüşlərdə Polşa hava məkanının pozulmasına toxunmadı. Bunun əvəzinə Belarusla iqtisadi əlaqələri yüksək qiymətləndirdi: “AB sanksiyalarından təsirlənməyən sahələrdə Macarıstan-Belarus iqtisadi əlaqələrini inkişaf etdirmək üçün hər şey hazırdır. İki ölkə arasında açıq siyasi problem yoxdur, hüquqi və maliyyə şərtləri də uyğundur”.
Belarus, Rusiya Prezidenti Vladimir Putinin ən yaxın müttəfiqlərindən biri kimi tanınır. Ölkə 2020-ci ildəki mübahisəli seçkilər, insan hüquqları pozuntuları və Rusiyanın Ukraynaya hücumunu dəstəkləməsi səbəbi ilə AB sanksiyalarına məruz qalıb.