Vaxt.Az

ABŞ-da aktivist öldürüldü


 

Qatı Tramp tərəfdarı Çarli Kirk silahlı hücuma məruz qaldı

ABŞ-da aktivist öldürüldü ABŞ Prezidenti Donald Tramp özünə yaxınlığı ilə tanınan Respublikaçı mühafizəkar fəal Çarli Kirkin (Charlie Kirk) Yutada silahlı hücum nəticəsində həyatını itirməsinin ardından ölkə üzrə bayraqların yarıya endirilməsi göstərişini verdi.

Yuta Vadisi Universitetində keçirilən tədbirdə çıxış edən Kirk, açıq məkanda danışarkən naməlum istiqamətdən açılan atəşin hədəfi olub. ABŞ mediası, hadisə ilə bağlı bir şübhəlinin saxlanıldığını və polis tərəfindən istintaqa başlanıldığını bildirib.

 

“Törninq Point USA”nın qurucusu

 

Universitet düşərgələrində tələbələrə mühafizəkar ideyaları yaymağı hədəfləyən, mənfəət məqsədi güdməyən “Turning Point USA” təşkilatının qurucusu olan Kirk, “X” sosial media platformasında 5,2 milyon, “TikTok”da isə 7,3 milyon izləyiciyə sahib idi.

Tramp, ABŞ mərkəzli “Truth Social” sosial şəbəkəsində yayımladığı açıqlamada Kirkin silahlı hücum nəticəsində həyatını itirdiyini təsdiqləyib: “Böyük və hətta əfsanəvi Çarli Kirk öldü. ABŞ-da gənclərin qəlbini Kirkdən daha yaxşı anlayan və ya özündə daşıyan heç kim yox idi”.

Tramp Kirkə “hər kəs tərəfindən sevilən və heyranlıqla izlənilən” şəxs kimi qiymət verib, ailəsinə başsağlığı verib və paylaşımına “Çarli, səni sevirik” sözlərini əlavə edib.

Yuta Bələdiyyəsi isə şübhəlinin hələ də azadlıqda olduğunu açıqlayıb.

 

FBI: “Hücumun şübhəlisi saxlanılıb”

 

Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kaş Patel (Kash Patel), “X” sosial media platformasında paylaşım edərək hücumun törədən şəxsin saxlanıldığını açıqlayıb: “Çarli Kirkın həyatını itirməsinə səbəb olan dəhşətli silahlı hücumun şübhəlisi saxlanılıb.”

Patel daha öncə saxlanılan şəxsin ifadə verdikdən sonra sərbəst buraxıldığını, əsas şübhəlinin axtarışlarının davam etdiyini bildirib.

 

“Amerika üçün qara gün”

 

Tramp yayımladığı video müraciətdə Kirkin qətli ilə bağlı kədərini ifadə edib: “Çarli Kirkin sui-qəsd nəticəsində öldürülməsi məni həm kədərləndirir, həm də qəzəbləndirir. Bu, Amerika üçün qara gündür.”

Tramp Kirkin milyonlarla gənc amerikalıya ilham verdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-dakı “radikal sol” qruplar Respublikaçı fəalları “şeytanlaşdırır” və bunun siyasi zorakılığa zəmin yaratdığını qeyd edib.

 

Yuta valisi: “Bu siyasi sui-qəsddir”

 

Yuta ştatının qubernatoru Spenser Koks (Spencer Cox) və digər rəsmilər mətbuat konfransında açıqlama veriblər. Koks Tramp və FBI direktoru Patel ilə əlaqədə olduqlarını, məsələni “siyasi sui-qəsd” adlandırdığını bildirib.

Hadisə zamanı atəş açan şəxsin tamamilə qara geyimdə olduğu və damdan atəş açılması ehtimalını açıqlanıb.

 

Siyasətçilərdən başsağlığı

 

ABŞ Dövlət katibi Marko Rubio (Marco Rubio), xanımı Canettlə (Jeanette) birlikdə Kirkin ölümü ilə bağlı kədərini ifadə edib.

Maliyyə naziri Skott Bessent (Scott Bessent), “belə bir hadisənin müasir cəmiyyətdə yeri olmadığını” deyib.

Səhiyyə naziri Robert Kennedi (Robert F. Kennedy), Kirkin söz azadlığı uğrunda mübarizə apardığını vurğulayıb.

ABŞ-ın keçmiş prezidentləri Barak Obama (Barack Obama) və Co Bayden (Joe Biden) də başsağlığı mesajları veriblər. Obama, “bu cür iyrənc zorakılığın demokratiyada yeri yoxdur” deyib. Bayden isə xanımı Cill (Jill) ilə birlikdə Kirkin ailəsinə dua etdiyini bildirib.

 





11.09.2025    çap et  çap et